“Real” və “Barselona” xeyriyyə matçı keçirəcəklər
03.02.2010 - 12:58
“Real” və “Barselona” xeyriyyə matçı keçirəcəklər
İspaniyanın “Real” və “Barselona” futbol komandaları Haitidəki zəlzələ zamanı zərərçəkənlərə yardım məqsədilə xeyriyyə matçı keçirmək istəyirlər. Lent.az-ın məlumatına görə, artıq “Facebook” sosial şəbəkəsində bu ideyanı 80 mindən çox şəxs dəstəkləyib.

Klub prezidentləri Florentino Peres və Joan Laporta məsələni müzakirə etmək məqsədilə görüşüblər. Lakin hələ yekun razılıq əldə olunmayıb. Hər iki klub bossu matç təqviminin gərginliyini, mövsümün sonluğunda futbolçuların zədə alma riskini əsas gətirməklə yanaşı, belə qarşılaşmanın yoldaşlıq görüşü kimi keçəcəyinə şübhə ilə yanaşıblar.

Hər halda, “Real” – “Barselona” matçının İspaniya Kubokunun növbəti mərhələsinin oyunlarının keçirildiyi gündə təşkili təklif olunub. Əzəli rəqiblər artıq ölkə kubokunda mübarizəni dayandırdıqları üçün həmin gün boş olacaqlar. Oyunu isə əcnəbi hakimi idarə etməsi variantı var.

Artıq həm “Real”, həm də “Barselona” klubları Haitiyə maliyyə yardımı göndəriblər. “Kral klubu” faciə vaxtı dağılan məktəblərin bərpasına, Kataloniya təmsilçisi isə səhiyyə və təhsil sahəsinə vəsait köçürüblər. Hər iki komanda Haitinin paytaxtı Port-o-Prensdə futbol məktəbləri də açıblar.