Xaqani Məmmədov Unibank Premyer Liqasının tarixinə düşdü
03.02.2010 - 15:19
Xaqani Məmmədov Unibank Premyer Liqasının tarixinə düşdü
Azərbaycan milli komandasının futbolçusu Xaqani Məmmədov Unibank Premyer Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu 2010-cu ildə ölkə çempionatında qol vuran ilk azərbaycanlı oyunçu olub.

“Simurq”la bu gün Yevlaxda keçirilən qarşılaşmanın 5-ci dəqiqəsində “Karvan”ı hesabda irəli çıxaran Xaqani həmyerlilərinin dünən bacarmadığına nail olub. Xatırladaq ki, XVIII turun ilk oyun günündə qeydə alınan 5 qolun hamısını legionerlər vurmuşdu: Argentina təmsilçisi 2, Braziliya, Türkiyə və Rusiyadan olan legionerlər isə hərəyə 1 qol.

Məmmədov bu qolla həm də özünün qol həsrətinə son qoyub. Cari mövsüm çempionat və kubokda qol vurmayan hücumçu həm mövsümdə, həm də “Karvan”da qol hesabını açıb. O, sonuncu dəfə 2008/09 mövsümünün sonuncu turunda qol sevinci yaşayıb. Xaqani “Bakılı” ilə ötən il mayın 17-də baş tutan səfər oyununda fərqlənib. Növbəti qolunu Zabrat qəsəbə stadionundakı matçdan sonra 262 gün gözləməli olub.