“Olimpik-Şüvəlan” Azərbaycanda oynayan legioneri alır
03.02.2010 - 16:03
“Olimpik-Şüvəlan” Azərbaycanda oynayan legioneri alır
“Olimpik-Şüvəlan” Unibank Premyer Liqasında “transfer pəncərəsi”nin son günündən yararlanmaq fikrindədir. Klubun prezidenti Vaqif Qasımov apasport.az saytına açıqlamasında bildirib ki, qış fasiləsində transfer işlərini yekunlaşdırmayıblar. Onun sözlərinə görə, cari mövsümdə ölkə kubokunda uğurlu çıxış etmələri üçün heyətlərini gücləndirmələri lazımdır: “Altılığ”a düşmək şansımız qalmayandan sonra avrokuboklara çıxmaq üçün yeganə yolumuz ölkə kubokundan keçir. Bu turnirdə uğurlu çıxış etməyə iddialıyıq. “Transfer pəncərəsi”nin son günlərində yeni futbolçu ala bilərik. Bir-iki namizəd var, danışıqlar gedir. Məsələ həll olunandan sonda ad açıqlaya bilərəm. Müqavilələrinin olması keçidlərində problem yaradır. Əslində, bizə demək olar hər mövqeyə futbolçu lazımdır. Xüsusilə müdafiənin mərkəzi, orta sahə, hücumun güclənməsinə ehtiyacımız var. Antalyada 20 futbolçu yoxlasaq da, aralarında yaxşısını tapa bilmədik. İndi bir futbolçu var ki, onun məsələsi gündəmdədir. O, legioner olsa da, çoxdandır Azərbaycanda oynayandır”.

Qeyd edək ki, ölkə kubokunun 1/4 finalında “Simurq”la görüşəcək “Olimpik-Şüvəlan” yarımfinala çıxarsa, rəqibi “Qarabağ” – “Xəzər-Lənkəran” cütünün qalibi olacaq.