Pokora: “Karvan”a uduzmaq dünyanın sonu deyil
03.02.2010 - 16:23
Pokora: “Karvan”a uduzmaq dünyanın sonu deyil
“Təbii ki, Yevlaxa uduzmaq üçün gəlməmişdik. Meydanda mübarizəmiz nəticəsində qələbə qazanmaq istəyirdik. Ancaq bu, bizə nəsib olmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.

Unibank Premyer Liqasının qış fasiləsində ilk turda səfərdə autsayder “Karvan”a uduzan (2:3) son bürünc mükafatçı bununla “altılığ”a düşmək uğrunda mübarizədə ağır zərbə aldı. Hazırda turnir cədvəlində 7-ci yerdə olan “Simurq”un ukraynalı çalışdırıcı bədbinliyə əsas görmür: “Deməzdim ki, bu, dünyanın sonudur. Qarşıda hələ oyunlarımız var. Futbolda bir gün uda bilərsən, bir gün də uduza. Yəni həmişə qələbə qazanmaq olmur və sonda gedən komandaya da yenilə bilərsən. Elə “Karvan”a uduzmağımız da mənim üçün gözlənilməz oldu. Növbəti oyunlarda bunun əvəzini çıxıb, xal ehtiyatımızı artırmağa çalışacağıq”.

Qeyd edək ki, “Simurq” ilk dövrədə evdə “Karvan”ı 2:0 hesabı ilə yenib.