Rusiya Futbol İttifaqına yeni prezident seçildi
03.02.2010 - 18:04
Rusiya Futbol İttifaqına yeni prezident seçildi
Rusiya Futbol İttifaqının (RFİ) yeni prezidenti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, quruma “Zenit” klubunun sabiq prezidenti Sergey Fursenko başçılıq edəcək. O, seçkidə 98 səs toplayıb. Digər namizəd - Futbolun İnkişafı Fondunun rəhbəri Əlişir Aminova cəmi 11 seçici etimad göstərib. Ulyanovsk Futbol Federasiyasının prezidenti Sergey Kuzmin öncə seçkilərə qatılsa da, sonra namizədliyini Fursenkonun xeyrinə geri götürüb.

Növbədənkənar seçki konfransından sonra Fursenko çıxış edərək, əsas məqsədin 2018-ci il dünya çempionatının təşkilatçılıq hüququnu Rusiyaya qazandırmaq olduğunu bildirib: “Bundan ötrü Rusiyada qaliblər nəsli yetişdirmək lazımdr”.

Qeyd edək ki, RFİ-nin prezident kürsüsü ötən ilin noyabrında Vitali Mutkonun istefasından sonra boş qalıb. Həmin vaxt Rusiyanın idman, turizm və gənclər siyasəti naziri təyin olunan Mutko federasiyaya dövlət məmurlarının başçılıq etməsini düzgün saymamışdı. Mutkonun gedişindən sonra RFİ-də prezident səlahiyyətləri müvəqqəti olaraq, birinci vitse-prezident, milliyətcə erməni Nikita Simonyana tapşırılmışdı.