“Çelsi” transfer qadağasından qurtuldu
05.02.2010 - 13:26
“Çelsi” transfer qadağasından qurtuldu
Londonun “Çelsi” və Fransanın “Lans” klubları yarımmüdafiəçi Qael Kakuta ilə bağlı fikir ayrılığını yoluna qoyublar. Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, “Çelsi” Qael Kakutanın transferi məsələsində “Lans” klubu ilə razılığa gəlib.

Qeyd edək ki, 2007-ci ildə Qael Kakutan “Çelsi” klubuna keçdiyi üçün “Lans” FİFA-ya şikayət edib. “Çelsi” “Lans”la müqaviləsi olan futbolçunu yoldan çıxarmaqda günahlandırılıb. 2009-cu ilin sentyabrında FİFA qərar verib və 1 il ərzində (2 mövsüm) “Çelsi”yə futbolçu transfer etməyi qadağan edib.

Arbitraj məhkəməsinə üz tutan “Çelsi” bəyan edib ki, həmin vaxt Qael Kakutanın “Lans”la qüvvədə olan müqaviləsi olmayıb, buna görə də onunla müqavilə imzalayıblar.

Fransız klubu şikayətini geri götürüb və məsələ yoluna qoyulub.