Qus Hiddink Rusiya milli komandasından gedəcəyini təsdiqlədi
13.02.2010 - 18:10
Qus Hiddink Rusiya milli komandasından gedəcəyini təsdiqlədi
Rusiya milli futbol komandasının baş məşqçisi Qus Hiddink Böyük Britaniyanın “De Telegraaf” qəzetində məqalə yazıb. Lent.az-ın verdiyi məlumata görə, Qus Hiddink yazıb ki, müqaviləsi başa çatandan sonra, yəni bu il iyunun 30-da Rusiya millisinin baş məşqçisi postundan gedəcək.

O bildirib ki, Rusiya Futbol Federasiyasının yeni prezidenti Sergey Fursenko ilə görüşüb: Qərara gəldik ki, Rusiya Futbol Federasiyasının milli komandaya yeni və layiqli baş məşqçi tapması üçün indi belə bir qərar qəbul edək.

Qeyd edək ki, Qus Hiddinklə Sergey Fursenko fevralın 4-də görüşüb. Rusiya Futbol Federasiyasının prezidenti isə “Exo Moskvı” radiosuna açıqlamasında deyib ki, Qus Hiddink bu qərarı müstəqil şəkildə qəbul edib və onlar da baş məşqçinin seçiminə hörmətlə yanaşıblar.

Xatırladaq ki, holland baş məşqçi Rusiya milli komandasına 2006-cı ildən başçılıq edir. Məhz Qus Hiddinkin baş məşqçi olduğu dövrdə Rusiya millisi ilk dəfə Avropa çempionatında yarımfinala çıxıb. Hazırda Qus Hiddinki Türkiyə başda olmaqla, bir neçə milli komanda baş məşqçisi kimi görmək istəyir. Avropanın nüfuzlu komandalarından da ona təkliflər gəlir.