“Neftçi”nin maşını 100 metr dərəyə yuvarlanıb...
14.02.2010 - 19:14
“Neftçi”nin maşını 100 metr dərəyə yuvarlanıb...
Fevralın 13-də Unibank Premyer Liqasında Yevlaxda “Karvan”la oyundan sonra Bakıya qayıdan “Neftçi” futbol klubunun 4 əməkdaşının əyləşdiyi “Hyundai-Sonata” markalı avtomobilin qəzaya uğramasının səbəbləri araşdırılır. Apasport.az saytının məlumatına görə, maşının Gəncə aşırımında pis hava şəraiti ucbatından qəzaya uğradığı bildirilir. Yollar buzlu olduğundan, sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq, təxminən 100 metr dərəyə yuvarlanıb. Qəza ilə bağlı Respublika Dövlət Yol Polisi İdarəsinin təhqiqat şöbəsi tərəfindən araşdırmalar aparılır.

Hadisə nəticəsində “Neftçi”nin iki üzvü - həmkarımız, İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində çalışan Alim Məmmədov və Kadrlar Şöbəsinin əməkdaşı Vahid Həmidov dünyasını dəyişib. Xəsarət almış icraçı-direktoru Mübariz Xudiyev və operator Dadaş Zeynalov isə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti sabit qiymətləndirilir.