“Bakı”nın türkiyəli məşqçisi cəzalandı
16.02.2010 - 13:04
“Bakı”nın türkiyəli məşqçisi cəzalandı
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, gündəlikdə duran məsələlər müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul olunub.

Ölkə çempionatının XX turunun "Karvan" – "Neftçi" matçında ikinci sarı vərəqə aldığı üçün meydandan qovulan Şəhriyar Rəhimov və İsmayıl Məmmədov hərəsi 1 oyunluq kənarlaşdırılıb. Meydan sahibləri bu futbolçularının hər biri üçün 200 manat cərimə də ödəyəcək.

"Turan" – "Muğan" matçında meydan sahibləri ikiqat xərcə düşüb. Tovuzlular 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000, oyunun 49-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq (sonuncu ümid folu) meydandan kənarlaşdırılan Kamal Bayramova görə isə 200 manat cərimə olunub. Qapıçının özü də 1 oyunluq cəzalanıb.

"Bakı" – "Qəbələ" matçının 87-ci dəqiqəsində meydan sahiblərinin nümayəndəsi Ərcan Kılıç texniki zona qaydalarını pozduğu üçün meydandan kənarlaşdırılıb. Komitə türkiyəli çalışdırıcını 1 oyunluq cəzalandırmaqla yanaşı, kluba 2000 manat cərimə tətbiq edilib.

Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun "Turan" – "Muğan" matçının 43-cü dəqiqəsində qırmızı vərəqə alan Emin İbrahimov bu gün keçirilən turu buraxmalı olacaq. Salyan təmsilçisi isə oyunçusuna görə 100 manat xərcə düşüb. "Simurq"la matçda qırmızı vərəqə alan "İnter"in futbolçusu Orxan Məmmədovun da cəzası eyni olub.