Türklər AFFA-nın planını pozdular
16.02.2010 - 15:16
Türklər AFFA-nın planını pozdular
Avro-2012-nin seçmə mərhələsinin A qrupunda oyunların təqviminin müzakirəsi Türkiyə Futbol Federasiyasının ucbatından yubanıb. Bu haqda apasport.az saytına məlumat verən AFFA-nın baş katibi Elxan Məmmədov müzakirələrin fevralın 17-18-dən 22-nə keçirilməsinin səbəbini açıqlayıb.

“Türklər püşkatma mərasimində ayın 17-nə razılaşsalar da, sonradan həmin tarixdə Almaniyanın Frankfurt şəhərinə gələ bilməyəcəklərini söylədilər. Məhz buna görə də görüşün vaxtı dəyişdirildi” - deyə Məmmədov vurğulayıb.

AFFA rəsmisi bildirib ki, yığmamızın baş məşqçisi Berti Foqts Frankfurtda müzakirələrdə iştirak etdikdən dərhal sonra birbaşa İordaniyaya yollanacaq: “Milli komandamız fevralın 22-də axşam saatlarında İordaniyada olacaq. Berti Foqts da Frankfurtdan İordaniyaya gedəcək və təxminən yığma ilə eyni vaxtda mənzil başına çatacaq. Mən isə görüşün ardından Bakıya qayıdacağam”.

Qeyd edək ki, A qrupunda milli komandamızın rəqibləri Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstandır.