“Azərbaycan yığmasının bir parçası olmaq istəyirəm” - FOTO
16.02.2010 - 15:23
“Azərbaycan yığmasının bir parçası olmaq istəyirəm” - FOTO
“Milli komandaya çağırılmaq mənim üçün gözəl bir sürpriz oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib.

Fevralın 25-də İordaniya ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığmasına dəvət olunan 21 yaşlı yarımmüdafiəçi buna sevindiyini açıqlayıb. Klubun rəsmi internet saytına açıqlama verən İsmayılov karyerasında ilk dəfə çağırıldığı yığmada möhkəmlənmək arzusunu da gizlətməyib: “Millidə çıxış edəcəyim günü səbirsizliklə gözləyirəm. Bu böyük bir məsuliyyətdir. Sevincimi sözlə ifadə etmək mümkün deyil. Amma bilirəm ki, indi daha çox çalışmalıyam. “Qarabağ”ın gənclərə üstünlük verməsi bizim milliyə gedən yolumuzu açıb. Əlbəttə, millidə çoxlu komanda yoldaşımla oynamağın bizə kömək edəcəyini düşünürəm. İnşallah, yığmanın bir parçası olmaq istəyirəm. Yenə də qeyd edirəm ki, indi daha çox çalışmalıyam. Çünki bu məsuliyyəti doğrultmalıyam. Əgər milliyə azacıq da olsa fayda verə bilsəm, çox sevinərəm. Hələ 21 yaşındayam. Millidə oynamaq mənim arzularımdan biri olub”.

Qeyd edək ki, ilk dəfə yığmaya çağırılan Əfran ötən ilin noyabrında keçirilən təlim-məşq toplanışı zamanı baş məşqçi Berti Foqtsun siyahısında yalnız ehtiyat oyunçu kimi yer almışdı.