Ölkə çempionatlarında oynamayan futbolçu milli komandada nə gəzir?
16.02.2010 - 16:16
Ölkə çempionatlarında oynamayan futbolçu milli komandada nə gəzir?
Amit Quluzadə Azərbaycan yığmasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqtsun milliyə çağırdığı “Neftçi” klubunun 18 yaşlı yarımmüdafiəçisi indiyədək Unibank Premyer Liqasında debüt etməyib. Bu səbəbdən ilk futbolçu kimi tarixə düşən Amit həm də yığmamızın İordaniyadakı hazırlıq prosesinə çağırılan heyətin ən gənc üzvüdür.

Düzdür, onun həm yığmada, həm də “Neftçi”də komanda yoldaşı olan Araz Abdullayev də 1992-ci il təvəllüdlüdür. Ancaq nəzərə almaq lazımdır ki, noyabrda anadan olan Quluzadə Abdullayevdən 7 ay kiçikdir. “Neftçi”nin əvəzedici komandasının və 19 yaşlılardan ibarət yığmamızın əsas oyunçularından olan, qolçuluq bacarığı ilə seçilən Amit cari mövsümdə ölkə kubokunda da çıxış etməyib.

Qeyd edək ki, Foqts Amitlə yanaşı, üç debütanta dəvət göndərib. Ancaq Əfran İsmayılovla Rauf Əliyev “Qarabağ”ın, Fərdi Quliyev isə “Standard”ın həm Premyer Liqada, həm də ölkə kuboku uğrunda mübarizədə əsas oyunçularındandır.