Kamran Ağayev “Neftçi” üzərində qələbənin yolunu göstərdi
16.02.2010 - 16:58
Kamran Ağayev “Neftçi” üzərində qələbənin yolunu göstərdi
“Neftçi” və “Xəzər-Lənkəran” arasındakı görüşün derbi olduğunu başa düşdüyümüzdən, oyuna ciddi hazırlaşmışıq”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun kapitanı Kamran Ağayev deyib.

Milli komandamızın da əsas qapıçısı olan 24 yaşlı futbolçunun sözlərinə görə, Unibank Premyer Liqasının növbəti turu çərçivəsində “Neftçi” ilə sabah Bakıda keçiriləcək oyun vacib xarakter daşıyır: “Hər birimiz peşəkar futbolçuyuq. Hər bir oyunçu özünə görə kapitandır. “Neftçi” ilə oyunun əhəmiyyəti böyükdür. Biz sabah meydana qələbə qazanmaq üçün çıxacağıq. Əslində, biz bütün qarşılaşmaları udmaq üçün hazırlaşırıq. Bu dəfə də fikrimiz belədir. “Neftçi” ilə görüşün nəticəsinin “qızıl xallar” baxımından vacib olmasına gəlincə, biz belə şeyləri fikirləşmirik”.

“Neftçi”nin rumın yarımmüdafiəçisi Adrian Neaqa 9 qolla Premyer Liqanın bombardiridir. Ancaq Ağayev cari mövsümün ən sərrast futbolçusu ilə qarşıdurma haqda danışmaq istəmədi: “Məni öz komandamın oyunu, hazırlığı maraqlandırır. Bilirik ki, “Neftçi”də təhlükəli futbolçular var. Öz oyunumuzu göstərsək, istəyimizə çatarıq. “Neftçi”ni ilk növbədə ağıllı oyun hesabına yenə bilərik. Meydanda əzmkarlıq nümayiş etdirməli, təmkinli olmalı, əsəbiləşməməliyik”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” ilk dövrədə “Neftçi” ilə evdə qolsuz heç-heçəyə razılaşmışdı.