“AFFA bağışlanmağımla bağlı qərar çıxarmayıb”
16.02.2010 - 17:42
“AFFA bağışlanmağımla bağlı qərar çıxarmayıb”
“Bir müddət əvvəl bağışlanmağımla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə müraciət etmişdim. Məni bununla bağlı Hakimlər Komitəsinə çağırmışdılar. Ancaq orada bağışlanmağımla bağlı hər hansı söhbət olmadı”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA tərəfindən ömürlük hakimlikdən uzaqlaşdırılan Anar Niyazov deyib.

Bir ildir işindən kənarda qalan 34 yaşlı sabiq FİFA referisinin əfv olunması ilə bağlı xəbər ölkə mətbuatının gündəmini zəbt edib. Ancaq Niyazov apasport.az saytının müxbirinə bildirib ki, hazırda hansısa bağışlanmadan söhbət getmir və bu barədə hansısa açıqlama verməyib: “AFFA-da mənim yalnız prezidentə müraciətimlə bağlı müzakirə oldu. Buna laqeyd olmadıqlarına görə onlara “çox sağ ol” dedim. İndi rəhbərlik bu müraciətə baxmalıdır və ola bilsin ki, gələcəkdə hər hansı qərar veriləcək. Bu haqda konkret nəsə deyə bilmərəm. Hələlik gözləyirəm, baxaq görək necə olacaq”.

Hakimliyə qayıdacağına inandığını vurğulayan Niyazovun fikrincə, AFFA prezidentinə müraciətindən sonra əlavə nəsə etməyə lüzum yoxdur: “Lazım olanı edib, gözləyirəm. Mənə bağışlandığımı və bununla bağlı qərar çıxarılacağını deməyiblər”.

Qeyd edək ki, Niyazovla yanaşı, FİFA referisi Babək Quliyev də AFFA-nın Hakimlər Komitəsinin ötən ilin martın 16-da çıxardığı qərarla “Nizam-İntizam Kodeksi”nin 1-ci maddəsinin “h” bəndinə uyğun olaraq, hakim adına xələl gətirən nöqsanlara yol verdikləri üçün bütün yarışlardan uzaqlaşdırılıblar.