AFFA Zaur Ramazanovu əfv etmədi
17.02.2010 - 11:21
AFFA Zaur Ramazanovu əfv etmədi
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, iclasda “Karvan” klubu tərəfindən hücumçu Zaur Ramazanov barədə verilmiş apelyasiya şikayətinə baxılıb. Komitə üzvləri müzakirələr apardıqdan sonra Yevlax təmsilçisinin şikayətini təmin etməyib. Beləliklə, 34 yaşlı futbolçunun cəzası qüvvədə qalıb.

Xatırladaq ki, AFFA İntizam Komitəsi fevralın 9-da “Qarabağ” - “Karvan” (3:2) matçı başa çatdıqdan sonra hakimlərə qarşı qeyri-etik hərəkət etdiyi üçün Ramazanovu 2 oyunluq cəzalandırmışdı və 2000 manat cərimələmişdi. Fevralın 13-də “Neftçi” ilə görüşü buraxan Zaur bu gün “Bakı”ya qarşı da forma geyinə bilməyəcək. Onun yalnız Unibank Premyer Liqasının XXII turunda “Xəzər-Lənkəran”la matçda iştirak hüququ var.