“Rubin” azərbaycanlı futbolçunu 5 milyon avroya alır
17.02.2010 - 15:28
“Rubin” azərbaycanlı futbolçunu 5 milyon avroya alır
Türkiyə milli komandasının müdafiəçisi Sərvət Çətin “Qalatasaray” klubundan ayrılır. Apasport.az saytının məlumatına görə, karyerasını ilk dəfə ölkə xaricində davam etdirməyi qərara alan 29 yaşlı müdafiəçi Rusiyanın “Rubin” klubunu seçib. Sərvət son iki ildə ölkə çempionluğunu qazanan Kazan təmsilçisində həmyerliləri Gökdəniz Karadəniz, Hasan Kabze və Fatih Təkkə ilə bir yerdə oynamaq istəyir.

“Qalatasaray”dan gedəcəyi haqda xeyli vaxtdır söz-söhbətlər gəzən Sərvət “Rubin”in nümayəndələri ilə ilk dəfə Antalyada danışıqlar aparıb. Çətin orada Avroliqanın 1/16 final mərhələsi çərçivəsində Madridin “Atletiko” klubu ilə görüşə hazırlığı başa vuraraq, İstanbula döndükdən sonra Kazan klubunun menecerlərinə transferin həyata keçirilməsi ilə bağlı söz verib. O, bununla gələn ay startı veriləcək Rusiya Premyer Liqasında oynaması üçün “yaşıl işıq” yandırıb.

“Rubin” əslən azərbaycanlı futbolçunun keçidinə görə 5 milyon avro ödəyəcək. Avstraliya yığmasının müdafiəçisi Lukas Nili aldıqdan sonra Çətini son oyunlarda ehtiyatda saxlayan “Qalatasaray”ın baş məşqçisi Frank Raykaard onu Əmrə Güngörlə əvəzləməyi lazım bilib. Bu amil də Çətinin satışına zəmin yaradıb.

Qeyd edək ki, Sərvət 2007-ci ildən çıxış etdiyi “Qalatasaray”a 117 oyunda 7 qol vurub. Yığmada 50 görüşdə meydana çıxan mərkəz müdafiəçinin “Cim Bom”la 2012-ci ilə qədər müqaviləsi var.