Azərbaycan çempionatında növbəti antirekord - ARAŞDIRMA
18.02.2010 - 11:25
Azərbaycan çempionatında növbəti antirekord - ARAŞDIRMA
Unibank Premyer Liqasının XXI turunda növbəti antirekord qeydə alınıb. Apasport.az saytının hesablamalarına görə, son tur cari çempionatda 3-cü dəfə qırmızı vərəqələrin çoxluğu ilə yadda qalıb. Bu dəfə də bir turda 4 futbolçu meydandan qovulub. Özü də onların üçü - milli komandamızın oyunçusu Tural Cəlilov, braziliyalı İsmael Fransisko və ukraynalı Yevgeni Sayko cari mövsümdə ilk dəfə belə aqibətlə üzləşib.

Gənclər yığmamızda çıxış edən Tagim Novruzov isə cari mövsümdə 2-ci dəfə, özü də yenə Salyanda meydandan qovulub. Tagim XV tur çərçivəsində “Neftçi” ilə heç-heçə başa çatan ev oyununda da (73-cü dəqiqə) aldığı ikinci sarı vərəqə ucbatından komandasını azlıqda qoymuşdu.

Ölkəmizdə debüt mövsümünü keçirən Fransisko və Sayko isə qəhrəmandan antiqəhrəmana çevriliblər. Hər halda, İsmael indiyədək “Olimpik-Şüvəlan”ın heyətində 2 oyunda 3 qol vurmaqla diqqət mərkəzinə düşmüşdü. Sayko isə elə son turda əvvəlcə vurduğu qolla “Turan”ı məğlubiyyətdən xilas etdi, daha sonra rəqibi vurduğu üçün meydandan çıxarıldı.

Qeyd edək ki, Ramal Hüseynov (“Standard”), braziliyalı Markus Fereyra (“Karvan”) və polşalı Tomaş Stolpa (“Qəbələ) da cari mövsümdə ən çox qırmızı vərəqə alan futbolçulardır. Onlar Novruzov kimi, 2 dəfə meydandan qovulublar. Komanda baxımından qırmızı vərəqələrə görə antirekordçu isə “Qəbələ”dir.

Bir turda 4 qırmızı vərəqə verilən turlar:

IX tur
1 noyabr

“Muğan” – “Turan” – 2:3

Vüsal Hüseynov (“Muğan”), 55 – birbaşa qırmızı
Miloş Zeseviç (“Muğan”), 63 – ikinci sarı
Hafiz Əliyev (“Turan”), 81 – ikinci sarı
Baş hakim: Fariz Yusifov (Bakı)

“Standard” – “Olimpik-Şüvəlan” – 0:1
Ramal Hüseynov (“Standard”), 79 – birbaşa qırmızı
Baş hakim: Əfqan Həmzəyev (Bakı)

XI tur
20 noyabr

“Standard” – “Qəbələ” – 1:2

İqor Melnik (“Qəbələ”), 78 – birbaşa qırmızı
Baş hakim: Anar Salmanov (Bakı)

22 noyabr
“Qarabağ” – “Olimpik-Şüvəlan” - 1:0

Elnur Allahverdiyev (“Qarabağ”), 75 - ikinci sarı
Sergey Laşenkov (“Olimpik-Şüvəlan”), 86 - ikinci sarı
Baş hakim: Elçin Məmmədov (Bakı)

“Neftçi” – “İnter” – 2:1
Mahir Şükürov (“İnter”), 90 – ikinci sarı
Baş hakim: Vüsal Əliyev (Bakı)

XXI tur
17 fevral

“Simurq” – “Olimpik-Şüvəlan” – 2:0

İsmael Fransisko (“Olimpik-Şüvəlan”), 52 - ikinci sarı
Tural Cəlilov (“Simurq”), 85 - ikinci sarı
Baş hakim: Rasim Məmmədov (Şəki)

“Muğan” – “Qəbələ” – 0:0
Tagim Novruzov (“Muğan”), 45+1 – ikinci sarı
Baş hakim: Zöhrab Əliyev (Bakı)

“Standard” - “Turan” - 1:1
Yevgeni Sayko, 89 (“Turan”) – birbaşa qırmızı
Baş hakim: Ceyhun Haşımov (Bakı)