“Kamran Ağayevin ilk məşqçisi mən olmuşam və bununla fəxr edirəm” - MÜSAHİBƏ
19.02.2010 - 11:31
“Kamran Ağayevin ilk məşqçisi mən olmuşam və bununla fəxr edirəm” - MÜSAHİBƏ
Bakının “İnter” klubunun məşqçisi Camaləddin Əliyevin həyatında əlamətdar hadisə baş verib. Milli komandamızın qapıçılarla işləyən məşqçisi 50 illik yubileyini qeyd etdi. Əsri yarılayan veteran qapıçı bu xoş gününü təmtəraqla keçirdi. “Zirvə” restoranında təşkil olunan yubiley mərasiminə “İnter”in üzvləri ilə yanaşı, onunla bir yerdə oynamış futbol veteranları, futbol ictimaiyyətinin nümayəndələri, media işçiləri də dəvət olunmuşdu. Mərasimdə yubilyar apasport.az saytının da suallarını cavablandırıb.

- 50 yaşda özünüzü necə hiss edirsiniz?
- Daxildən özümü 50 yaşlı insan kimi hiss etmirəm. Özümə bu qədər yaş vermirəm. Elə bil ki, 40 yaşım var (gülür).

- Bəlkə özünüzü yaşınızdan cavan hiss etməyiniz, yaxşı formada olmağınız, tez-tez futbol oynamağınızla bağlıdır?
- Ola bilər. Məşqlərdən kənarda qalmıram. Qapıçılarla işləyən zaman özüm də hərəkətdə oluram. Hərdən bir qapıda da dayanıram. Klubda məşqçilərlə öz aramızda həmişə oynayırıq. Necə deyərlər, özümüzü formada saxlayırıq.

- Hazırda çempionatımızda çıxıb oynaya bilərsinizmi?
- Yox. Hər halda, artıq çətin olar. Yaş həmin yaş deyil. İndi sürət tam başqadır. 10-15 dəqiqə oynamaq olar (gülür).

- Karyeranızı 40 yaşın astanasında qurtardınız. Bunun belə uzun müddətli olacağını gözləyirdinizmi?
- Sadəcə, hələ oynamağa özümdə güc hiss edirdim. Karyeramı 39 yaşımda bitirdim. 1999-cu ildə “Qarabağ” klubunda sonuncu oyunumu keçirdim. Hiss edirdim ki, 39 yaşa kimi oynaya bilərəm. Fiziki cəhətdən normal vəziyyətdə idim. Ona görə də karyeramı belə gec qurtardım.

- Karyeranızda ən böyük qazanc, mükafat nəyi sayırsınız?
- Futbolçu kimi 1993-cü ildə “Qarabağ”la həm çempion olduq, həm də ölkə kubokunu aldıq. Məşqçi kimi 2004-cü ildə “Neftçi”, 2008-ci ildə “İnter”lə çempion olmuşam. Bildiyiniz kimi, bir il Birləşmiş Ərəb Əmirliklərində də işlədim. Dubay klubu ilə çıxış etdiyimiz birinci liqada çempion olduq, güclülər dəstəsinə çıxdıq.

- Bütün bunlardan sonra məşqçilik karyeranızda əsas məqsəd nədir?
- Məşqçi üçün məqsəd həmişə var. Bu da qabağa getməkdir.

- Uzun illərdir milli komandada məşqçi işləsiniz də, indi kənarda qalmısınız. Bu, sizə pis təsir etmir?
- Yox. Hər halda, yenə yığmada çalışıram. 21 yaşlılardan ibarət yığma komandada gənc qapıçılar üzərində çalışıram, öz təcrübəmi onlarla bölüşürəm.

- İndiki qapıçılardan razı və narazı qaldığınız məqamlar hansıdır?
- İndiki qapıçılar pis deyillər. Bildiyiniz kimi, milli komandamızın əsas qapıçısı olan Kamran Ağayev mənim tələbəmdir. Onu 14 yaşında “Şəfa” klubuna gətirmişdilər. Kamranın ilk məşqçisi mən olmuşam.

- Təbii ki, bununla fəxr edirsiniz...
- Əlbəttə. Milli komandamızın əsas qapıçısının tələbəm olması ilə qürur hissi duyuram.

- 24 yaşlı Kamranı xaricdə oynamağa hazır sayırsınızmı?
- Bəli. Kamran artıq bu yaşında xaricdə oynaya bilər.

- İndi Azərbaycanda bir nömrəli qapıçı Ağayevi sayırsınız?
- Bəli. Hər halda, bu dəqiqə bir nömrə Kamrandır. Mən belə düşünürəm.

- Bəs öz qapıçılarınızdan kimi güclü sayırsınız?
- Bildiyiniz kimi, klubumuzda gənc qapıçılar var və onlardan Səlahət Ağayev milli komandamıza çağırılır.

- Ancaq o, komandada oynamır...
- Səlahətin hələ 19 yaşı var. Hər halda, hazırda “İnter”də ikinci qapıçıdır. Yavaş-yavaş ona da şans verəcəklər. Bu il də olmasa, gələn il oynayar. Bilmək olmaz, bu futboldur. Hər şey ola bilər. Kimsə zədə ala bilər, şans yaranar, Ağayev də çıxıb oynaya bilər. Səlahətin yaxşı perspektivi var.

- Gənc həmkarlarınıza tövsiyəniz nə olar?
- Əsas tövsiyəm odur ki, öz üzərlərində çox işləsinlər.

- Sizcə, yaxşı qapıçı olmaq üçün əsas nə lazımdır?
- İlk növbədə soyuqqanlı olmaq. Həmişə işləməli, özünə qarşı tələbkar olmalıdır.

- Sizin üçün ən yaxşı qapıçı kimdir? Bizimkilər xaricdən kimi özlərinə nümunə götürə bilərlər?
- Vallah, onlar gərək heç kimə oxşamasınlar. Onların özlərini kiməsə oxşatmalarını istəməzdim. İlk növbədə bir futbolçu kimi yetişmələri lazımdır. Onlar özləri işləyib, yüksək zirvələrə qalxsınlar.