AFFA yeni sayt açır
19.02.2010 - 12:36
AFFA yeni sayt açır
“Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarının yerinə yetirilməsi yönündə fəaliyyətini davam etdirən AFFA növbəti layihəsini gerçəkləşdirir. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, yaxın günlərdə futbolun təbliğatının gücləndirilməsinə xidmət edəcək yeni layihə təqdim olunacaq.

Qurum rəhbərliyi bu məqsədlə yeni sayt açmaq qərarına gəlib. Belə ki, tezliklə www.affavideo.az saytı fəaliyyətə başlayacaq. Burada milli komandanın, eləcə də müxtəlif yaş qruplarından ibarət yığmaların keçirdiyi oyunlardan fraqmentlər, AFFA-nın təşkil etdiyi tədbirləri əks etdirən görüntülər, həmçinin məşqçilərin və rəsmi şəxslərin müsahibələri yer alacaq.