Hakimlər Komitəsi bəyanat yaydı
19.02.2010 - 13:00
Hakimlər Komitəsi bəyanat yaydı
AFFA-nın Hakimlər Komitəsi (HK) bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, Xaqani Məmmədovun başçılıq etdiyi qurum hakimlikdən kənarlaşdırılan Anar Niyazovun əfv olunması ilə bağlı yayılan təzadlı xəbərlərə münasibət bildirib.

Bəyanatda bildirilir ki, bəzi Kütləvi İnformasiya Vasitələrinin Niyazovun bağışlanması barədə dərc etdiyi xəbərlər düzgün deyil və HK bununla bağlı bu günədək hər hansı qərar qəbul etməyib. Bəyanata əsasən bu kimi məsələlərlə bağlı qərar qəbul olunarsa, operativ olaraq AFFA-nın saytında yerləşdiriləcək.

Maraqlıdır ki, Niyazovun bağışlanması xəbərini Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də təsdiqləmişdi. O, mətbuata açıqlamasında sabiq FİFA hakiminin əfvi haqda eşitdiyini, ədalət təmsilçisinin birinci diviziona təyinat ala biləcəyini söyləmişdi.

Xaqani Məmmədovun Hakimlər Komitəsinə sədr təyin olunmasından sonra qəbul olunan əksər qərarlar, həmçinin ədalət təmsilçilərinin idarəçiliyə görə aldığı qiymətlər məxfi saxlanılır.