Ramiz Məmmədov: Biz sərhədləri qoruyan əsgərlərimiz kimi sayıq olacağıq
19.02.2010 - 14:40
Ramiz Məmmədov: Biz sərhədləri qoruyan əsgərlərimiz kimi sayıq olacağıq
“Altılığ”a vəsiqəni hələ ötən tur qazanmaq istəsək də, bu alınmadı. Hər halda, futbolda belə şeylər olur. “Standard”la evdəki görüşdə yalnız və yalnız qələbəyə oynayacağımızı, buna nail olmaq üçün əlimizdən gələni edəcəyimizə azarkeşlərimizə vəd edirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

Unibank Premyer Liqasının ilk mərhələsinin son turunda fevralın 21-də autsayder “Standard”ı qəbul edəcək qəbələlilər hətta 1 xal qazanarsa, “altılığ”a vəsiqəni rəsmiləşdirəcək. Ancaq Məmmədov heç-heçə haqda düşünmək belə istəmir: “Heç-heçə bizə sərf etdiyinə görə arxayınlaşmaq olmaz. Növbəti oyunda yalnız qələbəyə köklənmişik. “Standard”ın baş məşqçisi Böyükağa Hacıyev yaxşı tanıdığım təcrübəli mütəxəssisdir. O, yaxşı komanda yaradıb. Düzdür, son iki oyunda qələbə qazana bilməyiblər və bu səbəbdən 3 xal əldə etmək üçün daha çox səy göstərəcəklər. Bizə fərq etmir ki, “Standard” cari mövsümdə səfərdə hələ qazanmayıb. İstənilən halda, bu, layiqli rəqibdir. Ümumiyyətlə, məni və komandamı heç bir futbol göstəricisi arxayınlaşdıra bilməz”.

“Qəbələ”nin 42 yaşlı çalışdırıcısı turnir cədvəlində axırdan əvvəlki pillədə gedən komanda ilə görüşü həlledici döyüşə bənzədib: “Komandamızın bütün üzvləri, texniki heyət də oyuna çox ciddi hazırlaşıb. Biz sərhədlərimizi qoruyan əsgərlərimiz kimi sayıq olacaq, Qarabağımızın keşiyində duranlar kimi inadkarlığımızı göstərəcəyik. “Altılığ”a bizim kimi iddialı, büdrəməyimizi gözləyən “Simurq”a növbəti oyunlarda uğurlar arzulayıram. Hər şey Allahdan asılıdır. İnşallah, “altılığ”a son vəsiqəyə biz sahib çıxarır. Belə gözəl şansı əldən buraxmaq olmaz”.

Qeyd edək ki, ölkə kubokunda mübarizəni dayandıran “Qəbələ” şəxsi oyunlarda (2:1 və 0:0) “Simurq”dan üstündür.