“Neftçi”nin rekordu qırıldı
22.02.2010 - 10:25
“Neftçi”nin rekordu qırıldı
Bakının “Neftçi” klubunun Unibank Premyer Liqasının cari mövsümündə rekordu qırılıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın ölkə kubokunun 1/8 mərhələsində iki görüşünü də nəzərə alsaq, məğlubiyyətsiz seriyası 16-cı oyunda dayandırılıb. Flaqmanın qarşısını axırıncı turda “Şəfa” stadionunda keçirilən matçda “İnter” kəsib (1:0). Bununla həm “Neftçi”nin uğurlu seriyasına son qoyulub, həm də baş məşqçi Vaqif Sadıqov istefaya göndərilib. “İnter” bu vacib qələbə sayəsində çempionatda olduğu kimi, “altılığ”a da vahid lider kimi yollanıb. Beşinci pillədə olan “Neftçi” isə həmşəhərlilərindən artıq 6 xal geri qalır.

Qeyd edək ki, cari mövsümdə ən az uduzan komandalar “Qarabağ”la “Xəzər-Lənkəran” da belə uzun müddətli seriyaya malik deyildi. “Neftçi” buna qədər sonuncu dəfə oktyabrın 21-də III turdan təxirə salınan “Qəbələ” ilə səfər oyununda uduzmuşdu – 0:1. Flaqmanın bu dəfə fevralın 21-də yenildiyini nəzərə alsaq, ayın 21-i onlara düşərli olmur. Komanda Sadıqovun rəhbərliyi altında ümumilikdə 3 məğlubiyyət aldı ki, onların hamısı rəqib meydanında, özü də 0:1 hesabı ilə olub. İlk belə məğlubiyyət “Qəbələ” ilə görüşdən üç gün öncə, oktyabrın 18-də Ağdamda “Qarabağ”la görüşdə olmuşdu.