“Almaniya və Azərbaycana dalbadal səfər etməyimiz bizə çətin olacaq” - FOTO
22.02.2010 - 17:00
“Almaniya və Azərbaycana dalbadal səfər etməyimiz bizə çətin olacaq” - FOTO
“A qrupunun təqvimi üçün baş məşqçi Qus Hiddinklə birgə plan qurmuşduq. Kollektiv şəklində yaxşı çalışdıq. Təqvim 90 faiz biz istədiyimiz kimi alındı”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkin köməkçisi Oğuz Çətin deyib.

Bu gün Almaniyanın Frankfurt şəhərində müəyyənləşən Avro-2012-nin seçmə mərhələsinin A qrupunun oyunlarının təqvimində Oğuz Çətini sevindirən və eyni zamanda qayğılandıran məqamlar var: “Bizim üçün ən önəmli məqam qrupun açarı sayılan iki rəqib - Avstriya və Belçika ilə 4 gün içərisində dalbadal oynamamağımız idi. Buna nail olduq, martda Avstriya, iyunda isə Belçika ilə qüvvəmizi sınayacağıq. Qrupun favoriti Almaniya ilə oynadığımız son 4 matçın yalnız 1-də uduzmuşuq. O da 2008-ci il Avropa çempionatının yarımfinalına təsadüf edir. Almaniyaya məğlub olmadığımız 3 qarşılaşmanın hamısı oktyabrda baş tutub. Buna görə də onlarla yenə oktyabrda üz-üzə gəlmək istəyirdik. Təqvimdə bunu da gerçəkləşdirdiyimiz üçün məmnunam. Axırıncı iki oyunu evdə keçirməyimiz də bizim üçün üstünlük sayılır”.

Baş məşqçinin köməkçisini narahat edən yeganə məqam isə Azərbaycanla əlaqədardır: “Bu ilin oktyabrın 8-də Almaniya, bundan 4 gün sonra isə Azərbaycana səfər etməyimiz bizə çətin olacaq. Təqvimin müzakirəsi zamanı hər kəs öz iddiasını irəli sürürdü. Baş məşqçi Qus Hiddinklə telefonda danışaraq, güzəştə getmək lazım olduğunu söylədik. Əks təqdirdə, təqvim püşk nəticəsində müəyyənləşəcəkdi”.