Joze Maurinyo, yoxsa “Çelsi”?
23.02.2010 - 00:06
Joze Maurinyo, yoxsa “Çelsi”?
Bu həftə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, son iki oyun gününün mərkəzi görüşü İtaliyanın Milan şəhərində keçiriləcək.

Sözsüz ki, “İnter” – “Çelsi” oyunu portuqaliyalı mütəxəssis Joze Maurinyo üçün xüsusi əhəmiyyət daşıyacaq. Ən yaxşı illərini Maurinyonun rəhbərliyi altında keçirən “Çelsi” çempionluq həsrətinə son qoydu, ardıcıl iki mövsüm (2004/05, 2005/06) qızıl medallara qovuşdu. Portuqaliyalı çalışdırıcı 2007-ci ilin əvvəlində Londondan qovulduqdan sonra “İnter”in baş məşqçisi kimi ölkə çempionluğunu sıralayır. Elə “Çelsi”nin hazırkı italyan çalışdırıcı Karlo Ançelotti üçün də Milandakı görüş az prinsipial xarakter daşımır.

Hər halda, uzun illər “Milan”ın baş məşqçisi kimi çoxsaylı titullar qazanan Ançelotti “İnter”lə prinsipial Milan derbisində dəfələrlə iştirak edib. İndi vətənində qonaq olan təcrübəli mütəxəssis “San-Siro” stadiona rəqib komandanın çalışdırıcı kimi çıxacaq.

Qeyd edək ki, həmişəki kimi yalnız Rusiyadakı oyun daha tez, qalanları isə ənənəvi olaraq Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

23 fevral

23:45. “Ştutqart” (Almaniya) – “Barselona” (İspaniya)
23:45. “Olimpiakos” (Yunanıstan) – “Bordo” (Fransa)

24 fevral

21:30. MOİK (Rusiya) – “Sevilya” (İspaniya)
23:45. “İnter” (İtaliya) – “Çelsi” (İngiltərə)