“Yığmanın futbolçusu üçün ikinci “altılıq”da oynamağın heç bir mənası yoxdur”
23.02.2010 - 10:58
“Yığmanın futbolçusu üçün ikinci “altılıq”da oynamağın heç bir mənası yoxdur”
“Klubun prezidenti ilə söhbətim oldu. O, məni başa düşdü ki, yığmanın futbolçusu üçün ikinci “altılıq”da oynamağın heç bir mənası yoxdur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Zaqatalanın “Simurq” klubu ilə yollarını ayıran latviyalı futbolçu Gennadi Solonitsın deyib.

Ötən yay transfer olunduğu “Simurq”un heyətində 21 oyunda 1 qol vuran 30 yaşlı yarımmüdafiəçi Latviya milli komandasına daima çağırılır. Vətənində verdiyi müsahibədə gedişini bununla əlaqələndirən Gennadi ölkəmizi problemsiz tərk etdiyini bildirir: “Biz dostcasına ayrıldıq. Sənədlərimi verdilər və məni buraxdılar. Ötən həftəsonu “Simurq”un heyətində son oyunumu keçirdim, indi isə Latviyaya qayıtmışam. Gələcək planlarım haqda hələ heç nə deyə bilmərəm”.

Solonitsin “Simurq”la müqaviləni qarşılıqlı razılıqla pozub və indi azad agent statusuna malikdir. O, bu vaxta qədər Latviyada yalnız “Metallurq” klubunda oynayıb. Liyepaya təmsilçisinin idman direktoru Yuri Andreyev Gennadinin sərbəst futbolçu olması haqda xəbər tutandan sonra onun qayıdışını istisna etməyib: “Biz hələ ki bu məsələni müzakirə etməmişik. Ancaq əgər Gennadinin bu istəyi olarsa, komandamıza qayıda bilər. Biz elə yarımmüdafiə xəttini gücləndirmək yollarını axtarırıq”. Bu variantı nə təsdiq, nə də təkzib edən Gennadi qayıdışı ilə bağlı danışıqların olmasını gözləyir.

Qeyd edək ki, “Simurq” Premyer Liqanın təsnifat mərhələsini 7-ci pillədə başa vurduqdan dərhal sonra 7 legionerlə vidalaşıb.