Pyerr van Hoydonk Azərbaycana gələ bilər
23.02.2010 - 12:14
Pyerr van Hoydonk Azərbaycana gələ bilər
“Fənərbaxça” klubunun sabiq futbolçusu, hollandiyalı Pyerr van Hoydonk bu il Azərbaycana gələ bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 41 yaşlı veteran hücumçu Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsindəki rəqibi Türkiyə yığmasının məşqçisi olacağı bildirilir. Bununla da, o, “ay-ulduzlular”ın yeni baş məşqçisi Qus Hiddinkin köməkçisi işləyə bilər.

2007-ci ildə futbolçu karyerasını bitirdikdən sonra da İstanbulda yaşayan Hoydonk bu məsələ ilə bağlı belə deyib: “Hiddink məni köməkçi görmək istəsə, dərhal razılaşaram”.

Cərimə zərbələrinin mahir ifaçısı ilə tanınan Hoydonk 2003-2005-ci illərdə “Fənərbaxça”da (53 oyun, 32 qol) çıxış edib. Surinam əsilli futbolçu hər iki mövsümdə Türkiyə çempionluğunu qazanmaqla yanaşı, 2004-cü ildə Superliqanın bombardirləri yarışında 2-ci olub.

Qeyd edək ki, milli komandamız Avro-2012-nin seçmə mərhələsində ilk ev oyununu bu il oktyabrın 12-də Türkiyə yığmasına qarşı keçirəcək.