“Olimpik-Şüvəlan”da problem: Laşenkovun burnuna tikiş qoydular
23.02.2010 - 13:13
“Olimpik-Şüvəlan”da problem: Laşenkovun burnuna tikiş qoydular
“Məni milli komandamın Qazaxıstan yığması ilə martın 3-də Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq görüşünə çağırmışdılar. Bununla bağlı klubumuza faks gəlmişdi. Sadəcə, səhhətimdəki problem üzündən gedə bilməyəcəyəm”. Bunu apasport.az saytına açıqlamasında Bakının “Olimpik-Şüvəlan” klubunun müdafiəçisi Sergey Laşenkov deyib.

Hələ Türkiyənin Antalya şəhərində Qazaxıstanın “Tobol” klubu ilə yoxlama oyunu zamanı yaranan kütləvi qarşıdurma nəticəsində sifətindən zərbə alan, bir müddət ayıla bilməyən 30 yaşlı moldovalı futbolçu xəstəxanada bir müddət müalicə olunmuşdu. Son matçlarda “Olimpik-Şüvəlan”a kömək edə bilməyən legioner bu dəfə burnunda problemin yarandığını bildirib: “Muğan”la oyunda burnum iki yerdən qırılıb. Ora tikiş qoyulub. Həkim nəzarəti altındayam və sağalmağım üçün bir müddət vaxt lazımdır. Qazaxıstanla görüşə qədər tam sağalmayacağam. Bu səbəbdən “Olimpik-Şüvəlan”ın rəhbərliyi də bu görüşə getməməyimi xahiş etdi və bu, müsbət cavablandı”.

Laşenkovun sözlərinə görə, Ukraynanın “Karpatı” klubunda çıxış etdiyi zaman oyun satması ilə bağlı faktların ortaya çıxması ona mənfi təsir etməyəcək: “Dediyim kimi, çağırılmamağım bununla bağlı deyil. Ukraynada haqqımda yazılanlara fikir vermirəm. Qoy nə istəyirlər, yazsınlar. Mənim günahım yoxdur, heç kimə izahat da verməmişəm”.

Qeyd edək ki, Laşenkov Moldova milli komandasında kapitan sarğısını daşıyır.