Bülənt Korkmaz Azərbaycanda ilk dəfə cəzalandırıldı
23.02.2010 - 15:04
Bülənt Korkmaz Azərbaycanda ilk dəfə cəzalandırıldı
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının Peşəkar Futbol Liqasının saytına istinadən məlumatına görə, “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz cəzalandırılıb. Buna səbəb onun Unibank Premyer Liqasının XXII turunda “Muğan”la ev oyununun 77-ci dəqiqəsində texniki zona qaydalarını pozmasıdır. Türkiyəli çalışdırıcı bir oyunluq diskvalifikasiya edilməklə yanaşı, onun klubu isə 2000 manat cərimə olunub.

“Bakı” ilə “Muğan”ın əvəzedici komandalarının matçında da məşqçilər cəzalandırılıblar. Görüşün 83-cü dəqiqəsində görüşün gedişinə müdaxilə etdiyinə görə texniki zonadan kənarlaşdırılan bakılıların məşqçisi İbrahim Uzunca 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimələnib. Qarşılaşma başa çatdıqdan sonra isə “Muğan”ın baş məşqçisi Elşad Quliyev hakimlər briqadasını təhqir etdiyindən, 4 oyunluq diskvalifikasiyaya məruz qalıb. Üstəlik, “Muğan” rəhbərliyi 2000 manat cərimə ödəməlidir.

“Karvan”, “Qəbələ” və “Bakı”nın futbolçuları 4 və bundan artıq sarı vərəqə aldığı üçün hərəyə 1000 manat cərimə ödəməli olacaq. Son turda “Olimpik-Şüvəlan” – “Qarabağ” qarşılaşmasının keçirilməli olduğu meydançada “İnter” məşq etdiyi üçün meydança komandaların ixtiyarına görüşün başlamasına 1 saat qalmış verilib. Bu səbəbdən də “Şəfa” stadionunun rəhbərliyinə matçın başlanmasına ən azı 2 saat qalmış meydançanı qarşılaşmanın keçirilməsi üçün təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib.
0