Xoşbəxtliyini “Şəfa” stadionunda tapan futbolçu
23.02.2010 - 16:14
Xoşbəxtliyini “Şəfa” stadionunda tapan futbolçu
Latviya milli komandasının futbolçusu Girts Karlson Azərbaycanda xoşbəxtliyini “Şəfa” stadionunda tapıb. Apasport.az saytının hesablamalarına görə, cari mövsümdən Bakının “İnter” klubunda çıxış edən 29 yaşlı hücumçu indiyədək bütün qollarını bu arenada vurub. Özü də Karlson fərqləndiyi oyunlarda əksər vaxt komandasına qələbə qazandırıb, bir dəfə isə məğlubiyyətdən qurtarıb.

Girts növbəti dəfə Unibank Premyer Liqasının son turunda “Neftçi” ilə görüşündə qəhrəmanlıq edib. Həmin oyunun 69-cu dəqiqəsində adətən əvəzlədiyi litvalı həmkarı Robertas Poşkusun yerinə meydana daxil olan ucaboylu hücumçu bundan 18 dəqiqə sonra başla qələbə topunu vurub. Azərbaycan kubokunda hələ debüt etməyən Karlson 8 qolun hamısına Premyer Liqada imza atıb. İndi o, bombardirlər yarışında lider olan “Neftçi”nin rumın yarımmüdafiəçisi Adrean Neaqa (9 qol) ilə fərqi minimuma endirib. İndiyədək çempionatımızda 17 oyun (1087 dəqiqə) keçirən Girts 8 qol vurub, 1 dəfə sarı vərəqə alıb. Maraqlıdır ki, latviyalı həmin sarı vərəqəni də məhz “Şəfa”da alıb. Göründüyü kimi, Karlsonun ölkəmizdəki əsas göstəriciləri “İnter”in arenası ilə bağlıdır.

Qeyd edək ki, Karlsonun son qələbə topu ilə böyük dəyişiklərə səbəbkar olub. “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov məhz bu məğlubiyyətdən sonra istefa verdi. “Altılığ”a 5-ci pillədə yollanmalı olan “ağ-qaralar” lider “İnter”dən artıq 6 xal geri qalır. Bundan əlavə, “İnter” - “Neftçi” oyunundakı nəticə təqvimə də böyük təsir göstərib. Nəticədə paytaxt klubları ölkə kubokunu da nəzərə alsaq, 25 gündə 4 dəfə görüşməli olacaq.

Karlsonun Azərbaycanda vurduğu qollar

Unibank Premyer Liqası
I tur
15 avqust

“İnter” – “Karvan” – 1:0
Girts Karlson, 70
90 dəqiqə meydanda olub

IV tur
13 sentyabr

“İnter” – “Olimpik-Şüvəlan” – 2:2
Karlsos, 78
90 dəqiqə meydanda olub

VI tur
26 sentyabr

“İnter” – “Qəbələ” – 3:2
Karlson, 90
38-ci dəqiqədə meydana çıxıb

XV tur
13 dekabr

“Olimpik-Şüvəlan” – “İnter” – 0:1
Karlson, 47
90 dəqiqə meydanda olub, sarı vərəqə alıb

XVI tur
19 dekabr

“İnter” - “Turan” - 3:1
Karlson, 44, 87, 90+1
90 dəqiqə meydanda olub

XXII tur
21 fevral

“İnter” – “Neftçi” – 1:0
Karlson, 87
21 dəqiqə meydanda olub
0