Tuyqun Nadirov: AFFA-nın İntizam Komitəsi qanunsuz qərar çıxarıb
23.02.2010 - 17:00
Tuyqun Nadirov: AFFA-nın İntizam Komitəsi qanunsuz qərar çıxarıb
“AFFA-nın İntizam Komitəsinin haqqımızda çıxardığı qərar haqda bizə rəsmi məlumat verilib. Ancaq biz qurumun hələ ilk qərarı haqda apelyasiya vermişik və bunun nəticəsini gözləyirik. Qanuna görə, qərardan sonra üç gün ərzində apelyasiya vermək olar və biz də hüquqdan istifadə etmişik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

“Xəzər-Lənkəran” Peşəkar Futbol Liqasının (PFL) baş sponsoru olan “Unibank”ın reklam bannerini son iki ev oyununda - “Qarabağ” və “Karvan”la görüşlərdə stadionunda yerləşdirməyib. Ötən iclasında lənkəranlıları bununla bağlı xəbərdarlıq edən AFFA-nın İntizam Komitəsi bu fakt təkrarlanacağı halda, kluba qarşı daha sərt sanksiyaların tətbiq olunacağını bildirmişdi. Adıçəkilən qurum bu gün keçirdiyi iclasında “Karvan”la görüşdə Peşəkar Futbol Liqasının (PFL) təqdim etdiyi reklam (“Unibank”ın reklam banneri) matçın keçirildiyi stadionda yerləşdirilmədiyi üçün “Xəzər-Lənkəran”ın 2000 manat cərimələnməsi ilə bağlı qərar çıxarıb.

Qərara münasibətini bildirən Nadirov narazı qaldıqlarını gizlətməyib: “AFFA-nın İntizam Komitəsinin haqqımızda çıxardığı qərar qanunsuzdur. Biz hələ ilk qərardan şikayət etmişik və Apelyasiya Komitəsinin qərarını gözləyirik. Məsələyə hüquqi tərəfdən baxıb, qərar çıxarmaq lazımdır. Görünür, AFFA-nın İntizam Komitəsinin üzvləri hüquqi cəhətdən bir az kasaddırlar. Əgər biz apelyasiya vermişiksə, bunun nəticəsini gözləyib, bundan sonra qərar çıxarılmalıdır. Yəni AFFA-nın Apelyasiya Komitəsi bizim müraciətə baxıb ya lehimizə, ya əleyhimizə qərar çıxaracaq. Əgər xeyrimizə qərar olarsa, onda AFFA-nın İntizam Komitəsinin qərarı avtomatik olaraq ləğv olunacaq. Apelyasiyanın cavabı olmadan necə növbəti qərar çıxarmaq olar?”

“Xəzər-Lənkəran”ın vitse-prezidentinin sözlərinə görə, atacaqları növbəti addım Apelyasiya Komitəsinin cavabından sonra məlum olacaq: “Düzdür, əsasnamədə göstərilib ki, reklam gəlirinin 25 faizi PFL-ə məxsusdur. Biz buna qarşı bir şey demirik. Amma məsələ ondadır ki, bu, əsasnamədə iki ildir var. Biz gözləyə bilmərik ki, stadionda reklam yerləşdirmək nə vaxt onların yadına düşəcək. Bura “Xəzər-Lənkəran”ın öz stadionudur və bağladığımız müqavilələrlə müxtəlif şirkətlərin reklam lövhələri yerləşdirilib. Mövsümün ortasında reklam məsələsini ortaya atmaq qanunsuz bir şeydir. Stadionumuzda reklam yeri ilə bağlı təklifimizi PFL-ə etmişik. Qalan yerlər isə imzalanan müqavilələrlə tənzimlənir”.
0