Löv ikibaşlı danışdı: Türkiyə yığmasına böyük hörmətim var, amma...
24.02.2010 - 13:26
Löv ikibaşlı danışdı: Türkiyə yığmasına böyük hörmətim var, amma...
“Mən Türkiyə yığmasına onu kimin çalışdırmasından asılı olmayaraq, həmişə böyük hörmətlə yanaşmışam. Bu milli komandada çox gözəl futbolçular var və onlar çox ürəklə oynayırlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının ardıcıl ikinci seçmə mərhələdə rəqibi olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

Avro-2012-də ilk oyununu bu ilin sentyabrın 7-də evdə milli komandamıza qarşı keçirəcək bundestimi Türkiyə yığması ilə ciddi sınaq gözləyir. Löv hələ ötən seçmə mərhələ Rusiya yığmasından yaxşı tanıdığı təcrübəli holland həmkarı Qus Hiddinkə yenidən rəqib olmaqdan məmnundur: “Əlbəttə, Hiddink çox təcrübəli məşqçidir. O, çox ölkələrdə, o cümlədən Türkiyədə də çalışıb. Bu səbəbdən Hiddink gələcək yetirmələrinin mentaliteti ilə yaxşı tanışdır. Yəqin ki, o, türklərlə nəyəsə nail olacaq. Əlbəttə, dünya çempionatının final mərhələsinə çıxa bilməyənlər indi böyük məyusluq yaşayır. Avro-2008-də Türkiyə yığmasının müsbət cəhətlərinin nə qədər çox olması göründü. Bundan əlavə, bu milli komandanın hər yerdə, o cümlədən Almaniyada çoxlu fanatları var”.

Çoxları Almaniya yığmasına əsas rəqib kimi Türkiyə yığmasını saysa da, Löv bu məsələdə ikibaşlı danışıb: “Bizim üçün əsas rəqibin Türkiyə olduğunu bilmirəm. Fikrimcə, Belçika yığması Dik Advokatın gəlişi ilə xeyli güclənib. Üstəlik, indi orada gənc futbolçulardan ibarət çox yaxşı nəsil yetişib. Elə Avstriya yığması da həmişə badalaq vura bilər. Bizim üçün əsas təqvim yox, komandanın qələbə qazanıb lazım olan sayda xal yığmasıdır”.
0