Azərbaycan milli komandası 57 yaşlı “ərəb”ə qarşı
24.02.2010 - 13:35
Azərbaycan milli komandası 57 yaşlı “ərəb”ə qarşı
Sabah Azərbaycan milli komandası 2010-cu ildə ilk oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu yığmamız bu il siftəni Asiyada edəcək.

İordaniya yığması ilə yoldaşlıq görüşü keçirəcək komandamız ardından martın 3-də səfərdə Lüksemburq yığması ilə qüvvəsini sınayacaq. Sözsüz ki, bu oyunlar Avro-2012-nin seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır. Foqtsun hər iki görüş üçün açıqladığı heyətləri müqayisə edəndə iki dəyişikliyin olduğunu görmək mümkündür. Bu da xaricdə çıxış edən futbolçularımız – yarımmüdafiəçi Mahir Şükürov və hücumçu Vaqif Cavadovla bağlıdır. Qış fasiləsində müvafiq olaraq Rusiyanın “Anji” və Hollandiyanın “Tvente” klublarına keçən futbolçularımızın İordaniyaya gəlməsi nəzərdə tutulmayıb. Mahirlə Vaqif birbaşa Lüksemburqa gələcəklər.

Milli komandamız ötən ili müsbət akkordda başa vurduqdan sonra ona inam xeyli artdı. Hər halda, noyabrda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən turnirdə 3-cü yer uğrunda oyunda Çexiya yığması üzərində 2:0 hesablı inamlı qələbə böyük əks-səda doğurdu. Yeri gəlmişkən, həmin oyunda qolların müəllifləri olan Ruslan Abışovla Vaqif Cavadov son vaxtlar zədə problemi ilə üzləşib. Ancaq Cavadovdan fərqli Abışov İordaniyada Foqtsun sərəncamında olacaq.

İordaniya yığması da milli komandamız (114-cü yer) kimi FİFA-nın son reytinqində ikinci yüzlükdə yer alıb. 106-cı pillədə qərarlaşan iordaniyalılar da bizim kimi heç vaxt dünya çempionatının final mərhələsinə çıxa bilməyib. Rəqibimiz 1930-86-cı illərdə, ümumiyyətlə, seçmə mərhələdə iştirak etməyib. Ancaq bununla belə, İordaniya yığmasının tarixi 1992-ci yaranan milli komandamızdan böyükdür. İlk oyununu 1953-cü ilin avqustun 1-də Suriya yığması ilə keçirərək uduzan (1:3) iordaniyalıların üç ən böyük hesablı məğlubiyyətlərin hamısı 0:6 olub. 57 yaşlı rəqibimizin tarixində ən yaxşı göstərici 2004-cü ildə Asiya Kuboku uğrunda yarışda 1/4 finala çıxmasıdır. Maraqlıdır ki, İordaniya həmin turnirdə ilk dəfə final mərhələsinə çıxaraq, buna nail olub. Yığmanın baş məşqçisi Adnan Hamad milli komandamızla görüşə 23 futbolçu çağırıb. O, əsasən yerli klublarda oynayan futbolçulara üstünlük versə də, BƏƏ və Səudiyyə Ərəbistanında çıxış edən legionerlərə də dəvət göndərib.

Qeyd edək ki, paytaxt Əmmanda “Kinq Abdulla” stadionunda keçiriləcək İordaniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq və “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.
0