Şakir Qəribov: Baş məşqçi mən yox, Arif Əsədovdur
24.02.2010 - 14:54
Şakir Qəribov: Baş məşqçi mən yox, Arif Əsədovdur
“Növbəti oyunlarda baş məşqçi funksiyasını Arif Əsədov yerinə yetirəcək. Mən də məşqçilər korpusunda yer alan təcrübəli çalışdırıcı kimi ona kömək edəcəyəm. Rəhbərlik hələ ki komandanı qarşıdakı oyunlara hazırlaşdırmağı bizə həvalə edib”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun məşqçisi Şakir Qəribov deyib.

Unibank Premyer Liqasının son turunda “İnter”ə məğlubiyyətdən (0:1) sonra Vaqif Sadıqovun baş məşqçi postundan istefa verməsi bu posta kimin sahib çıxacağı ilə bağlı məsələni gündəmə gətirib. Klub prezidenti Sadıqov Sadıqovla görüşdən sonra yeni baş məşqçi təyin olunana qədər komandanı növbəti oyunlara məşqçilər korpusunda yer alan Şakir Qəribovla Arif Əsədovun çıxaracağı qərara alınıb.

54 yaşlı Qəribov 14 yaş böyük olduğu Əsədovdan təcrübəsi də çox olduğunu nəzərə alsaq, əsas söz sahibinin onun olacağını düşünmək olardı. Ancaq Qəribovla söhbətdə başqa mətləblər ortaya çıxır: “Əsas söz sahibi mən yox, baş məşqçi Arif müəllimindir. Bu məsələdə əsas yaş götürülmür. Yeni baş məşqçinin nə vaxt təyin olunacağını deyə bilərəm. Qarşıdakı oyunlara komandanı hazırlaşdırıb çıxarmağı bizə tapşırıblar. Nə vaxt baş məşqçi qoyulacaq, rəhbərlik bizimlə işləmək istəməyəcək, onda bunu biləcəksiniz. Qarşımızda duran vəzifə komanda yaxşı hazırlaşdırıb, yaxşı çıxış edib, “Neftçi”nin əvvəlki adını qaytarmaqdır”.

Futbolçu karyerasının böyük hissəsini keçirdiyi “Neftçi”nin uğurlu çıxışı üçün təcrübəsini bölüşməyə hazır olan Qəribov növbəti üç oyunu da “İnter”lə keçirəcək. Təqvim elə alındı ki, bu paytaxt klubları Azərbaycan kubokunun 1/4 final mərhələsi də daxil olmaqla 25 günə 4 görüş keçirməli olacaq.

Qəribovun sözlərinə görə, son turda “İnter” qalib gəldiyi üçün psixoloji baxımdan üstünlük rəqibdə olacaq: “Əlbəttə, bir rəqibə qısa zamanda 4 dəfə oynamaq çətindir. Biz “İnter”lə cari mövsümdə ilk oyunu noyabrda keçirmişik və kubokda da rəqib olduğumuzdan, bir mövsümdə 6 dəfə görüşməliyik. Artıq komandalar bir-birini çox yaxşı tanıyır. Bu zaman əsas kimin oyuna necə köklənməsi olacaq. Kim hansı taktikanı seçəcək, kim hansı taktiki gedişləri edəcək – bunlardan çox şey asılı olacaq. Sözsüz ki, psixoloji hazırlıq böyük əhəmiyyət daşıyır. Komandanı yaxşı hazırlaşdırıb, çempionatda və kubokda qalib gəlməyə çalışacağıq”.

Qeyd edək ki, “Neftçi” hazırlığını fevralın 26-da bərpa edəcək.
0