“Neftçi”ni 133 gündən sonra meydana yenə Əsədov çıxaracaq
24.02.2010 - 15:14
“Neftçi”ni 133 gündən sonra meydana yenə Əsədov çıxaracaq
Bakının “Neftçi” klubu mövsüm ərzində ikinci dəfə məşqçilər korpusuna tapşırılıb. Apasport.az saytının hesablamalarına görə, Vaqif Sadıqovun istefasından sonra komandanı Arif Əsədov – Şakir Qəribov cütlüyünə tapşıran klub rəhbərliyi 5 ay əvvəl də belə addım atmışdı. Ötən ilin sentyabrında öz meydanında “Muğan”a 0:2 hesabı ilə uduzan bakılıların o vaxtkı çalışdırıcısı Böyükağa Ağayevi də duet əvəzləmişdi. Səhhəti ilə əlaqədar bir müddət komandadan ayrı düşüb yalnız sonradan istefası qəbul olunan təcrübəli Ağayevin yoxluğunu Əsədovla İqor Getmanın təşkil etdiyi cütlük unutdurmuşdu.

Qəribovla işbirliyində olduğu kimi, 5 ay əvvəl də əsas söz sahibi olan Əsədov “Neftçi”ni iki qarşılaşmada meydana çıxarmışdı. Sentyabrın 19-da səfərdə “Standard”ı güc-bəla ilə üstələyən (2:1) flaqman 8 gün sonra öz meydanında “Simurq”a boyun əymişdi – 0:1. Bundan sonra Sadıqovun təyinatının rəsmiləşməsi Əsədovu üçüncü qarşılaşmasını gözləməyə vadar etdi. İndi yenidən əvəzləyici funksiyası tapşırılan 40 yaşlı mütəxəssis martın 7-də “İnter”lə ev oyununda klubun sükanı arxasında olacaq. Əsədovun 133 gündən sonrakı qayıdışı ölkə kubokunun 1/4 final mərhələsinin ilk qarşılaşmasına təsadüf edəcək.
0