“Həmin oyunlara baxanda, ürəyim və gözlərim ağrıdı” - MÜSAHİBƏ
24.02.2010 - 15:31
“Həmin oyunlara baxanda, ürəyim və gözlərim ağrıdı” - MÜSAHİBƏ
İordaniya ilə oyuna hazırlaşan Azərbaycan yığması bu gün paytaxt Əmmanda növbəti məşqinə çıxıb. Apasport.az saytının Əmmana ezam olunan əməkdaşının məlumatına görə, “Kəramə” stadionunda keçirilən məşqdən öncə milli komandamızın baş məşqçisi Berti Foqts jurnalistlər üçün brifinq keçirib

- Artıq iki gündür burdayıq. Futbolçular özlərini yaxşı hiss edirlər, heç bir problem yoxdur. Əsas odur ki, sabahkı qarşılaşmada sürətli futbol oynamalıyıq. Düzdür, bəzi futbolçular çətinlik çəkir. Amma bu problemi də aradan qaldırmağa çalışırıq.

- Bu problemi hava ilə əlaqələndirmək olar?
- Nə havada problem var, nə də meydanda. Gördüyünüz kimi, yaxşı meydanda məşq edirik. Sadəcə, görünür xeyli vaxtdır bir yerdə məşq etmirik deyə, dediyim problem yaranıb. Top qəbul edəndə müəyyən problem yaranır. Ümumiyyətlə, keçdiyim 2 məşqdən razı qaldım. Biz yanvarda da məşq keçirmək istəyirdik amma alınmadı. Bilirsiniz, Azərbaycanda sürətli futbola üstünlük verilmir. Amma biz əksinə, sürətli futbol oynamaq istəyirik.

- Bəs, Unibank Premyer Liqasının son turunun oyunlarına baxanda, ürəyiniz ağrıdımı?
- Həmin oyunlara baxanda ürəyim də ağrıdı, hələ gözlərim də. Yaxşı ürək və göz həkimi axtarıram, amma tapa bilmirəm.

- Milli komandaya cəlb etdiyiniz Amit Quluzadə indiyədək Unibank Premyer Liqasında debüt etməyib. Onu harada görüb bəyənmisiz?
- Onu 21 yaşlılardan ibarət yığmada görmüşəm. DVD vasitəsilə də oyunlarına baxmışam. Çox istedadlı futbolçudur. Təəssüf ki, Azərbaycanda belə futbolçuların sayı azdır. Mən də Amitdə bu istedadı görüb yığmaya çağırdım. Mən də sizə belə sual verirəm: Araz Abdullayev də “Neftçi”də oynamır, amma Rusiya çempionu “Rubin” onu komandaya dəvət etdi. Demək istəyirsiniz ki, ruslar da heç nə bilmirlər... Buna sizdən cavab istəyirəm. Bəyəm, ruslar bilə-bilə “Neftçi”də oynamayan, zəif futbolçu ilə müqavilə bağlayar?

- Artıq iki məşq olub. Bu barədə nə deyə bilərsiniz?
- Hər şey normaldır. Futbolçular özlərini sübut etmək istəyirlər. Dünən iclasda onlara dedim ki, görürsünüz, milli komandaya yeni futbolçular gəlir.

- Qarşıdakı oyunlarda heyətə cəlb etdiyiniz futbolçular meydana çıxa bilərmi?
- Ola bilsin ki, sabah İordaniya ilə qarşılaşmada iki futbolçuya şans verdim.

- Yəni ola bilərmi ki, yığmamız İordaniya ilə oyuna eksperimental heyətlə, Lüksemburqla görüşə optimal heyət çıxsın?
- Mən belə deməzdim ki, bizdə əsas heyət var. Biz indidən Avro-2012-nin oyunlarına hazırlaşırıq. İlk oyunumuza 6 ay vaxt qalıb. Sentyabrda Almaniya ilə, bir ay sonra isə Avstriya ilə. İndidən deməzdim ki, artıq əsas heyətimiz var. Hazırlaşırıq və həmin oyunlara daha hazırlıqlı futbolçularla çıxacağıq.
0