“Mayadək “Neftçi”yə mən rəhbərlik edəcəyəm”
24.02.2010 - 16:18
“Mayadək “Neftçi”yə mən rəhbərlik edəcəyəm”
“Bizə komandanı mayadək oyunlara hazırlaşdırıb, çıxarmaq tapşırılıb. Rəhbərliklə belə söhbət oldu ki, cari mövsümün sonunadək bizə şans verilir və bundan maksimum istifadə etməliyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun məşqçisi Arif Əsədov deyib.

Cari mövsümdə artıq ikinci dəfə baş məşqçi əvəzi olacaq 40 yaşlı çalışdırıcı Böyükağa Ağayevin gedişindən sonra bu funksiyanı yerinə yetirmişdi. Əsədov rəhbərliyin ona göstərdiyi etimadı yüksək qiymətləndirir: “Bu, rəhbərliyin işidir və görünür, bizə etibar edilməsi gördüyümüz işin nəticəsidir. Hər halda, “Neftçi”yə əvəzedici komandanı ötən mövsüm çempion edib gəlmişəm. Artıq 7-8 aydır məşqçisi olduğum əsas komandanın potensialını bilirəm. Əvvəl təcrübə yox idisə, indi artıq bu baxımdan da problem yoxdur. Etibar edilirsə, bu, inamdan irəli gəlir və mən bunu özüm üçün böyük şərəf sayıram. Hər bir məşqçiyə nə vaxtsa şans verilir və bundan istifadə etmək lazımdır”.

Vaqif Sadıqovun istefasından sonra baş məşqçi vəzifəsini icarə etmək tapşırılan Əsədova təcrübəli həmkarı Şakir Qəribov yardım edəcək. O, 14 yaş kiçik olduğu, təcrübəsi ondan böyük olan çalışdırıcı ilə çiyin-çiyinə çalışmaqdan məmnundur: “Biz işimizi bir yerdə görəcəyik. Şakir Qəribovla artıq xeyli vaxtdır bir yerdə çalışırıq. Bir-birimizi çox yaxşı tanıyırıq, bir-birimizə etibar edirik. Ancaq məşqləri mən qurub, rəhbərlik edəcəyəm. Necə deyərlər, iş öz yerində, dostluq öz yerində. Hər halda, bizə birgə işi görmək tapşırılıb və məsləhətləşərək bunun öhdəsindən gəlməliyik”.

“Altılığ”a 5-ci pillədə daxil olan “Neftçi” lider “İnter”dən 6 xal geri qalır. Gənc çalışdırıcı çempionluq şanslarını real sayır: “Neftçi”nin elə adı onun iddiası deməkdir. Bu komanda həmişə çempionluğa oynayıb. Yenə qızıl medallar uğrunda mübarizə aparacağıq və qarşıya başqa nəsə vəzifə qoyula bilməz. Hesab edirəm ki, çempionluq şansımız itməyib. Hər halda, 6 xallıq fərq böyük deyil. Biz 1-ci yerə iddiamızı saxlayırıq. Bu, çətin olsa da, sona kimi mübarizə aparacağıq. Hər halda, asan iş olmur, hər bir iş ağırdır”.
0