“Lokomotiv”un direktoru: Şensoyu “Neftçi”yə buraxmırıq!
24.02.2010 - 16:58
“Lokomotiv”un direktoru: Şensoyu “Neftçi”yə buraxmırıq!
Türkiyəli mütəxəssis Naci Şensoyun Bakının “Neftçi” klubunun baş məşqçi postuna gələcəyi ilə bağlı gəzən-söhbətlər Bolqarıstanda da geniş vüsət alıb. Apasport.az saytının məlumatına görə, 52 yaşlı Şensoyun baş məşqçisi olduğu Plovdivin “Lokomotiv” klubunun direktoru Atanas Uzunov da məsələ ilə bağlı açıqlama verməli olub.

Uzunov keçirdiyi mətbuat konfransında şayiələri təkzib etməklə yanaşı, onu “Neftçi”yə buraxmadıqlarını bildirib. Onun sözlərinə görə, Şensoyun “Neftçi”dən gələn təklifə görə komandanı tərk etməsi doğru deyil: “Belə bir şey yoxdur. Şensoy indi də Plovdiv “Lokomotiv”inin baş məşqçisidir. Hazırda İstanbulda olan çalışdırıcımız bu gün vizanı alıb Bolqarıstana gəlməlidir. Belə bir ehtimal var ki, o, “Neftçi”nin təklifini qəbul edə bilməyəcək. Şensoyun “Lokomotiv”lə müqaviləsi var. Klub prezidenti ona bel bağlayır. Prezidentimiz Koko Dinev hesab edir ki, Şensoy müqavilə öhdəliklərini mövsümün sonuna kimi yerinə yetirəcək”.

Qeyd edək ki, iki müxtəlif vaxtda “Turan”ı çalışdıran, ölkəmizdə çalışan ilk əcnəbi mütəxəssis olan Şensoy saytımıza açıqlamasında “Neftçi”nin baş məşqçisi olmağı həmişə istədiyini bildirib. Türkiyəli mütəxəssis eyni zamanda hazırkı klubu ilə müqaviləsi olduğunu, prezidentin ona inamının böyük olması ilə əlaqədar cari mövsümdə “Neftçi”nin sükanı arxasına keçməyi real saymır.
0