Rəşad Sadıqovu İordaniyaya bağlayan nədir?
24.02.2010 - 18:08
Rəşad Sadıqovu İordaniyaya bağlayan nədir?
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov üçün İordaniya yığması ilə sabahkı yoldaşlıq görüşü əlamətdar olacaq. Apasport.az saytının hesablamalarına görə, Ağdamın “Qarabağ” klubunda çıxış edən 28 yaşlı müdafiəçi bu yığma ilə ikinci görüşdə də iştirak edən yeganə futbolçudur.

İordaniyalılarla ilk oyunda 90 dəqiqə meydanda olan Sadıqov sarı vərəqə də alıb. Son vaxtlar zədədən əziyyət çəkən Rəşad yarım illik fasilədən milli komandaya qayıdışını ona yaxşı tanış olan rəqiblə görüşdə qeyd edəcək.

İordaniya yığması ilə indiyədək yeganə oyunumuz da Əmmanda yoldaşlıq görüşü çərçivəsində olub. Bu, 6 il öncə Karlos Alberto Torres milli komandamıza baş məşqçilik etdiyi vaxtda idi. Braziliyalı mütəxəssisin yığmamızla seçmə mərhələdə debüt öncəsi son sınağı məhz İordaniyada olmuş və 1:1 hesablı heç-heçə ilə nəticələnmişdi. Həmin vaxt yoxlama oyunlarında yaxşı təsir başlayan Torresin yığması İordaniyada zəif oynamış və məhz bundan sonra uğursuzluq zolağına düşmüşdü. Təsadüfi deyil ki, braziliyalı dünya çempionu milli komandamızın Əmmandakı görüşündən sonrakı səfər oyunlarında bir qayda olaraq uduzub, bu zaman qol da vura bilməmişik. Torres iordaniyalılarla oyunda 16 futbolçuya şans verib ki, bunlardan kapitan Qurban Qurbanov beş il əvvəl, Aqil Məmmədov isə qış fasiləsində Sumqayıtın “Standard” klubunun heyətində futbolçu karyerasını bitirib. Məşqçilik fəaliyyətinə “Neftçi”də başlayan 38 yaşlı Qurbanov hazırda Ağdamın “Qarabağ” klubunu çalışdırır.

Milli komandamızın baş məşqçisi Berti Foqts İordaniyaya qarşı oynamış futbolçulardan qapıçı Dmitri Kramarenko (“Xəzər-Lənkəran”), müdafiəçilər Rafael Əmirbəyov (“Bakı”), Emin Quliyev (“Karvan”), yarımmüdafiəçilər Aslan Kərimov (“Qarabağ”), Mahmud Qurbanov (“Bakı”), İlqar Qurbanov (“Olimpik-Şüvəlan”), Vüsal Hüseynov (“Muğan”), Zaur Tağızadə, Rəşad Abdullayev (hər ikisi “Neftçi”), hücumçu Nadir Nəbiyevə (“Turan”) dəvət göndərmir. Əmmanda ilk hissədə vurduğu qolla yığmamızı məğlubiyyətdən xilas edən Anatoli Ponomaryov qış fasiləsində Türkiyənin birinci liqa klubu “Orduspor”a keçib. Foqts ilyarım öncə çağırdığı 28 yaşlı bu hücuma meylli yarımmüdafiəçini də kənarda qoyub.

Qeyd edək ki, İordaniyaya qarşı oynayan həmin heyətdən Rəşad kimi Mahir Şükürov da Foqtsun daim güvəndiyi futbolçulardandır. Ancaq son oyunlarda kapitan sarğısı daşımaq da etibar olunan Mahirin Əmmana gəlişi nəzərdə tutulmayıb. Qış fasiləsində Rusiyanın “Anji” klubuna keçən 28 yaşlı yarımmüdafiəçi birbaşa Lüksemburqa, FİFA-nın “pəncərəsi”ndə nəzərdə tutulan tarixdə - martın 3-də yoldaşlıq görüşünə çağırılıb.

18 avqust 2004-cü il. İordaniya – Azərbaycan – 1:1

Azərbaycan:
Dmitri Kramarenko, Rəşad Sadıqov, Rafael Əmirbəyov, Aftandil Hacıyev, Emin Quliyev, Mahir Şükürov (Zaur Tağızadə, 65), Aqil Məmmədov (Vüsal Hüseynov, 46), Mahmud Qurbanov (Rəşad Abdullayev, 78), Anatoli Ponomaryov (Aslan Kərimov, 60), Qurban Qurbanov (k), Nadir Nəbiyev (İlqar Qurbanov, 68)
Qol: Ponomaryov
Vərəqələr: Kərimov, Sadıqov, İ.Qurbanov - sarı
0