Debütdə qol vuran 5-ci futbolçumuz
26.02.2010 - 13:09
Debütdə qol vuran 5-ci futbolçumuz
Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov Azərbaycan milli komandasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, İordaniya yığması ilə yoldaşlıq oyununda ilk dəfə milli forma geyən 22 yaşlı yarımmüdafiəçi komandamızın ikinci qolunun müəllifi olub.

İsmayılov yığmadakı debüt oyununda qol sevinci yaşayan 5-ci futbolçu olub. Onlardan ikisi – Nazim Süleymanov və Vidadi Rzayev yığmamızın tarixində ilk qarşılaşmanın qəhrəmanları olub. 1992-ci il sentyabrın 17-də Gürcüstan millisinin qonağı olub 3:6 hesabı ilə uduzan komandamızın iki qolunu Nazim, birini Vidadi vurmuşdu.

1998-ci il noyabrın 28-də Gəncədə Estoniya futbolçularını 2:1 hesabı ilə məğlub edən yığmamız həmin matça debütantlar “ordu”su ilə çıxmışdı. Onlardan biri – Ceyhun Sultanov yalnız 67-ci dəqiqədə meydana daxil olsa da, cəmi 13 dəqiqə sonra rəqib qapısına yol tapmışdı. Debütdə qol hesabını açan son futbolçumuz isə Branimir Subaşiç olub. Serb əsilli legionerimiz 2007-ci il martın 3-də səhnəyə çıxıb. O, Qazaxıstanda keçirilən “Alma TV” kubokunun Özbəkistanla görüşündə qələbə topunun müəllifi olub – 1:0.