Frank Raykaard Bülənt Korkmazın aqibətini yaşadı
26.02.2010 - 13:21
Frank Raykaard Bülənt Korkmazın aqibətini yaşadı
Tanınmış holland mütəxəssis Frank Raykaard türkiyəli həmkarı Bülənt Korkmazın aqibətini yaşayıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” klubunun son baş məşqçiləri olan bu çalışdırıcılar Avroliqada son iki mövsümdə eyni uğursuz ssenari nəticəsində mübarizəni dayandırmalı olub.

Korkmaz ötən mövsüm UEFA kuboku adlanan turnirin 1/8 final mərhələsində Almaniyanın “Hamburq” klubu ilə səfərdə keçirdiyi ilk oyunda 1:1 hesablı heç-heçə etmiş, bir həftə sonra evdəki cavab görüşündə 2:3 hesabı ilə uduzmuşdu.

42 yaşlı türkiyəli çalışdırıcı ötən mövsüm bitəndən sonra istefa verdi və onu yayda Raykaard əvəzlədi. 48 yaşlı holland mütəxəssis “Qalatasaray”la Avroliqanın 1/16 finalında İspaniyanın “Atletiko” klubu ilə səfərdə 1:1 hesablı bərabərliyə qaldısa, bir həftə sonra “Əli Sami Yen”də məğlubiyyət yaşadı – 1:2. Göründüyü kimi, hər iki halda rəqib meydanında münasib sayılan 1:1 hesablı heç-heçə, öz meydanında isə minimal fərqli məğlubiyyət olub.

Qeyd edək ki, 20 illik futbolçu karyerasını həsr etdiyi “Qalatasaray”dan gedəndən sonra məşqçilik fəaliyyətini ölkəmizdə davam etdirən Korkmaz 5 aydır “Bakı” klubunu çalışdırır. Əfsanəvi kapitanın beynəlxalq miqyasda klub karyerasında ən böyük uğuru 2000-ci ildə UEFA kubokunu və UEFA Superkubokunu qazanmaq olub. Raykaard isə futbolçu kimi 1987-ci ildə “Ayaks”la Kuboklar Kubokunu, 1989 və 1990-cı illərdə “Milan”la Çempionlar Kubokunu qazanıb. Korkmazla müqayisədə məşqçiliyə tez başlayan holland “Qalatasaray”a qədər rəhbərlik etdiyi “Barselona”nı 2006-cı ildə Çempionlar Liqasının qalibi edib.