Şotlandiyalı baş məşqçi milli komandamıza həsəd aparır
01.03.2010 - 10:50
Şotlandiyalı baş məşqçi milli komandamıza həsəd aparır
“Şotlandiya yığmasında arxayınlaşma haqda danışmaq gülüncdür. Azərbaycanı səfərdə 4:0 hesabı ilə məğlub etməyimizin qarşıdakı oyuna heç bir təsiri yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Şotlandiya milli komandasının baş məşqçisi Billi Stark deyib.

Avropa çempionatının seçmə mərhələsinin sabah keçiriləcək oyununda Azərbaycan yığması ilə qarşılaşacaq britaniyalıların çalışdırıcısı komandamız haqda kifayət qədər məlumatlıdır. Qarşılaşma ərəfəsində fikirlərini açıqlayan Stark millimizin görüşə hazırlıq planının daha yaxşı olmasına həsəd apardığını gizlətməyib: “Bu bizim işimizdir ki, oyunçuları arxayınlaşmağa qoymayaq, onlara rəqib düşərgədəki dəyişikliklər barədə məlumat verək. Bilirəm ki, Azərbaycan milli komandasının 3-4 futbolçusu da U-21-ə qoşulub. Onlar bir neçə həftə Türkiyədə toplanışda olublar. Hazırlıq baxımından bizi üstələyirlər. Axı biz yalnız bazar günü bir araya gəlmişik və çərşənbə axşamı oyuna çıxırıq. Bu seçmə mərhələnin ilk qarşılaşması olsa idi, biz çəkinərdik. Amma seçmə mərhələnin əvvəlki görüşlərində də bir yerdə oynayan heyətə malikik. Ən əsası isə futbolçularımız onlara güvəndiyimizi, həmçinin nə etməli olduqlarını yaxşı bilirlər”.

Qeyd edək ki, sabah Falkirk şəhərində keçiriləcək Şotlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.