Asiyadan Avropaya, yaxud atalar üçdən deyib, Foqts!
02.03.2010 - 11:22
Asiyadan Avropaya, yaxud atalar üçdən deyib, Foqts!
Sabah Azərbaycan milli komandası 2010-cu ildə ikinci oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Berti Foqts baş məşqçisi olduğu yığmamızı yenə yoldaşlıq görüşündə sınayacaq.

Asiyadan Avropaya yollanan futbolçularımız İordaniyanın ardınca Lüksemburq millisinin qonağı olacaq. Yeni ilə Əmmanda qələbə (2:0) ilə başlayan komandamızda psixoloji durumun, əhval-ruhiyyənin yüksək səviyyədə olması şübhə doğurmur. İndi ardıcıl 3-cü qələbəni qazanmaq qalır ki, rəqibin zəif olduğunu nəzərə alsaq, bu kifayət qədər real görünür. Hər halda, Lüksemburq təxminən Lixtenşteyn səviyyəsindədir və millimiz sonuncuları ilə ötən ilin payızında səfərdə rəsmi oyunda məğlub edib – 2:0. Necə deyərlər, atalar üçdən deyib və hamı komandamızdan dalbadal 3-cü qələbəni gözləyir. Millimiz İordaniyadan əvvəl Çexiya yığmasını da 2:0 hesabı ilə yenib və bu, qələbə seriyası ötən ilin noyabrın 18-dən Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərindən başlayıb.

Foqts İordaniya ilə görüşdən sonra heyətdə dəyişiklərə əl atdı. Belə ki, üç futbolçu – qapıçı Səlahət Ağayev, yarımmüdafiəçilər Rahud Əmirquliyevlə Amit Quluzadənin Şotlandiya ilə səfərdə rəsmi oyuna hazırlaşan 21 yaşlılardan ibarət yığmamıza göndərilməsi daha məqsədəuyğun sayıldı. Əvəzində Foqts Azərbaycandan kənarda çıxış edən futbolçular – müdafiəçi Mahir Şükürov (“Anji”, Rusiya) və hücumçu Vaqif Cavadovu (“Tvente”, Hollandiya) sərəncamında gördü. Düzdür, Vaqif hələ də əməliyyatdan sonra zədəsini müalicə etdirdiyindən Lüksemburqda meydana çıxa bilməyəcək. Mahirdə isə belə problem yoxdur. Yığmada ilk dəfə legioner kimi oynayacaq 28 yaşlı futbolçu “Anji”nin heyətində yoxlama görüşlərində mütəmadi çıxış edir.

Alman çalışdırıcı arzuolunmaz problem sayılan zədə ilə Lüksemburqda da üzləşdi. Belə ki, İordaniya ilə oyunda yaxşı təsir başlayan, milli komandamızda debüt oyununda qol vuran Əfran İsmayılov məşqdə xəsarət aldığı üçün sabah oynayacağı bilinmir. Əvəzində Aleksandr Çertoqanov zədəsini sağaldıb. Milliləşən ukraynalı yarımmüdafiəçi məhz zədə səbəbindən İordaniyada ehtiyatda qaldı.

Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq Lüksemburq – Azərbaycan matçını finlandiyalı hakimlər idarə edəcək.