99 yaşlı qoca və Azərbaycan yığması
02.03.2010 - 12:58
99 yaşlı qoca və Azərbaycan yığması
Azərbaycan yığması sabah növbəti yoldaşlıq görüşündə tanış olmayan rəqiblə üzləşəcək. Apasport.az saytının məlumatına görə, millimiz 18 illik tarixində ilk dəfə Lüksemburqla görüşəcək.

“Cırtdan ölkə”nin təmsilçisi indiyədək bizə nə seçmə mərhələlərdə, nə də yoldaşlıq görüşlərində rəqib olub. Lüksemburq ilk oyununu Azərbaycan futbolunun tarixinin başladığı 1911-ci ildə keçirib. Həmin ilin oktyabrın 29-da evdə Fransa ilə görüşən rəqibimiz böyük hesabla uduzub – 1:4. Tarixində ən böyük hesablı qələbəsini 1948-ci ilin iyulun 26-da Əfqanıstan üzərində qazanıb – 6:0. “Cıtrdan”lar ən böyük hesabla məğlubiyyətlərini isə 1960 və 1982-ci illərdə İngiltərə yığmasından 0:9 hesabı ilə alıblar.

Lüksemburq millisinin tarixi bizimlə müqayisəyə gəlməsə də, demək olar həmişə qrup sonuncusu olmamaq uğrunda mübarizə aparır. Avropada yığmamız kimi autsayder sayılan lüksemburqlular 99 illik tarixində dünya və Avropa çempionatının (AÇ) final mərhələsinə vəsiqə qazana bilməyib. Ən yaxşı göstəriciləri 1964-cü ildə ikinci AÇ-nin finalına çıxmağa çox yaxın olmasıdır ki, son anda büdrəmə öz sözünü deyib. Həmin vaxt qitə birinciliyində debüt edən Lüksemburq 1/8 finalda güclü Hollandiya yığmasını iki oyunun nəticəsinə görə yenib – 1:1 və 2:1. 1/4 finalda Danimarka ilə hər iki oyun heç-heçə nəticələnib – 3:3 və 2:2. Qalib müəyyənləşdirmək üçün əlavə oyun təyin olunur və skandinaviyalılar yalnız 3-cü görüşdə qalib gəlirlər – 1:0. Lüksemburq yığmasının ən böyük uğuru 1924-cü ildə Olimpiadada futbol turnirində iştirak etmələri sayıla bilər.

Qeyd edək ki, Lüksemburq yığmasının kapitanı Ceff Ştrasser eyni zamanda ən çox oyun keçirən futbolçudur. 36 yaşlı müdafiəçi indiyə kimi 90 oyunda 6 qol vurub. Rəqibin tarixində ən məhsuldar futbolçusu isə 16 qol vuran Lion Martdır. Lüksemburq milli komandasına 2004-cü ildən Quy Hellers baş məşqçilik edir. 46 yaşlı veteran yarımmüdafiəçi yığmada 15 ildə (1982-1997) 55 oyunda 2 qol vurub.