“Oyunu tribunadan izləyə-izləyə, necə qol vura bilərdim?”
02.03.2010 - 13:17
“Oyunu tribunadan izləyə-izləyə, necə qol vura bilərdim?”
“Karvan”a keçdiyimə görə, peşman deyiləm. Bu komandanın həm Yevlaxda, həm də Bakıda bazası var. Komandanı Yunis Hüseynovun çalışdırması uşaqlarda əlavə ruh yüksəkliyi yaradır”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Zaur Ramazanov deyib.

Azərbaycan çempionatlarının ikiqat bombardiri olan Ramazanov ikinci dəfə çıxış etdiyi “Karvan”da qol hesabını açmadığı üçün təəssüflənir. 34 yaşlı hücumçu fərqlənə bilməməsinin səbəblərini belə izah edib: “Qarabağ”dan gedəndən sonra 6 ay futbolsuz qaldım. Fərdi məşq edib, fiziki formamı qorusam da, oyun praktikası baxımından geri düşmüşdüm. “Karvan”da təzə-təzə möhkəmlənirdim ki, qırmızı vərəqə göstərib, məni 2 oyunluq cəzalandırdılar. Matçı tribunadan izləyə-izləyə, necə qol vura bilərdim ki? Düzdür, ilkin mərhələnin "Xəzər Lənkəran"a qarşı keçirilən son görüşündə meydançaya çıxdım. Həmin oyunda qazanılacaq xal və nə bizə, nə də Lənkəran təmsilçisinə lazım idi. Bu səbəbdən qarşılaşmaya köklənmək olduqca çətin idi. Vuracağım qol da heç bir əhəmiyyət daşımırdı. Fikrimcə, qol vurmamağım qırmızı vərəqə alıb, iki oyun cəzalanmağım və hələ də əvvəlki formamı tam bərpa etməməyimlə bağlıdır".
0