Lüksemburq və Azərbaycan yığmaları müqayisəyə gəlirmi?
02.03.2010 - 13:58
Lüksemburq və Azərbaycan yığmaları müqayisəyə gəlirmi?
Sabah keçiriləcək yoldaşlıq oyununda Azərbaycan milli komandası ilə qarşılaşacaq Lüksemburq yığması “uğursuzluq zolağı”na düşüb. Apasport.az saytının məlumatına görə, 99 illik tarixi ərzində vur-tut 19 qələbə qazanan “cırtdan” ölkə təmsilçisi artıq neçə vaxtdır yubiley – 20-ci zəfərin həsrətindədir.

Lüksemburq millisi sonuncu dəfə 2008-ci il sentyabrın 10-da qələbə sevinci dadıb. Həmin gün dünya çempionatının seçmə mərhələsinin İsveçrə ilə oyununda rəqibimiz 2:1 hesabına sevinmişdi. Yığmamızla görüşdən 539 gün əvvələ təsadüf edən həmin oyun mərhələnin ilk qarşılaşmadı idi. Həm də məşhur Otmar Hitsfeldin İsveçrə yığmasındakı debütü ilə əlamətdar idi. Almaniyalının “siftə”sini korlayan lüksemburqlular özləri o vaxtdan qələbə həsrətindədir. Bu müddətdə 11 görüşə çıxan rəqibimiz 4 heç-heçə edib və 7 dəfə uduzub ki, top fərqin lap biabırçıdır – 4:24. Yeri gəlmişkən, uğursuzluqları ilə ad çıxaran Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması da son xalını məhz həmin gün – Lüksemburqun İsveçrədə qalib gəldiyi vaxta təsadüf edib.

Hitsfeldin debütünü korladıqdan sonra uğursuzluğa düçar olması isə müəyyən mənada Azərbaycanla bağlıdır. Həmin vaxt sabahkı rəqiblər bir-biri ilə müqayisə olunurdu. Daha doğrusu isveçrəlilər 1996-cı ildə Bakıda aldıqları və unuda bilmədikləri 0:1 hesablı məğlubiyyəti Lüksemburqa uduzmağı ilə eyniləşdirirdilər.

Xatırladaq ki, hətta Bakıda şok yaşayan baş məşqçi Rolf Fringer də o vaxtkı müzakirələrə qoşulmuşdu: “Ottmar Hitsfeld həyatı boyu Lüksemburq damğası ilə yaşayacaq. Necə ki, mən ölənədək Azərbaycan yığmasının ləkəsini daşımağa məhkumam. Lüksemburqa 1:2 hesabı ilə uduzmaq insan ağlına gəlməyən bir şeydir. Belə hallar 100 oyundan bir olur. Yəqin, İsveçrə də həmin 100-cü matçını keçirirmiş. 1996-cı ildə Bakıda 0:1 hesabı ilə uduzanda, bu mənim millinin baş məşqçisi kimi ilk oyunum idi. O vaxt hamı hesab edirdi ki, biz məşq keçmədən Azərbaycanı udmaq iqtidarındayıq”.

Lüksemburqun 539 gün əvvəlki qələbəsindən sonra Fringerlə yanaşı, Çiriako Sfortsa da Bakı məğlubiyyətini yada salaraq, sabahkı rəqibləri müqayisə etmişdi: “Lüksemburqa uduzmaq bütün ölkə futbolunun məğlubiyyətidir. Bu, çox ciddi zərbədir. Hətta bizim Azərbaycana 0:1 hesabı ilə uduzmağımızdan da pisdir”.

Azərbaycan millisi İsveçrə üzərindəki zəfərdən cəmi 7 ay sonra yoldaşlıq oyununda da olsa, növbəti qələbəsini qazana bildi. Lüksemburq isə hələ də intizardadır. Göründüyü kimi, “cırtdan”lara Azərbaycanla müqayisə olunmaq düşmür. Yəni, lüksemburqlular bizimlə müqayisə olunmasa yaxşıdır. Elə onların özləri üçün!
0