Cavid Hüseynov: Ürəyimə damıb ki...
02.03.2010 - 14:30
Cavid Hüseynov: Ürəyimə damıb ki...
“Şotlandiya milli komandasına Bakıda məğlub olmuşduq. Bu, çox üzücü idi”. Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynov deyib.

Avropa çempionatının seçmə mərhələsinin Şotlandiya ilə Falkirk şəhərindəki oyunu ərəfəsində “Neftçi” klubunun yarımmüdafiəçisi nikbin əhval-ruhiyyədədir. AFFA-nın rəsmi internet saytına açıqlamasında 22 yaşlı futbolçu Bakıda 0:4 hesabı ilə uduzduğumuz komandaya qol vurmaq arzusunda olduğunu bildirib: “Falkirkdəki oyun ərəfəsində nədənsə ürəyimə damıb ki, bu dəfə yaxşı nəticə qazanacağıq. O ki qaldı mənə, çalışacağam ki, qol vurum. Amma əsas bu deyil. Vacib olan komandamın qələbə qazanmasıdır”.

Yığmamızın gənc müdafiəçisi Tərlan Quliyev nəinki il yarımlıq xal, hətta 9 illik qələbə həsrətini bitirmək iddiasındadır: “Bu oyuna böyük ümidlərlə yanaşırıq. Əsas millidən gələn oyunçular bizi daha da gücləndirib. Şotlandlarla qarşılaşmada məqsədimiz 3 xal qazanmaq olacaq”.

Komandamızın qapıçısı Aqil Məmmədov isə meydana çıxıb-çıxmayacağından asılı olmayaraq yaxşı nəticəyə ümid etdiyini açıqlayıb: “Allahın köməkliyi ilə yaxşı nəticə göstərəcəyik. Yaxşı mübarizə aparsaq, udulmayacaq komanda yoxdur. Əsas heyətdə oynayıb-oynamayacığımla bağlı qərarı, təbii ki, baş məşqçi verəcək”.

Bakının “Neftçi” klubunun üzvü Mirhüseyin Seyidov ümumiyyətlə məğlubiyyət haqda fikirləşmir: “Heyətdə böyük dəyişiklik olub. Şotlandiyaya uduzmaq üçün gəlməmişik. Ən yaxşı nəticəni qazanmağa və azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, bu gün keçiriləcək Şotlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
0