Ramal Hüseynov niyə təəccüblənir?
03.03.2010 - 16:48
Ramal Hüseynov niyə təəccüblənir?
“21 yaşlılardan ibarət yığmamızın Şotlandiya ilə rəsmi oyunda heç-heçə etməsi məni yaxşı mənada təəccübləndirdi. Komandamız qırmızı vərəqəyə görə oyunun yarıdan çoxunu azlıqda keçirsə də, hesabda iki dəfə irəlidə olub. Şotlandiyada qazanılan nəticəyə çox sevindim. Hər halda, belə rəqiblə səfərdə 1 xal da yaxşı nəticə sayılmalıdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının (U-21) sabiq futbolçusu Ramal Hüseynov deyib.

Yığmalarımız arasında nəticə baxımından ən zəif sayılan U-21 artıq 9 ildir rəsmi oyunlarda qələbəyə həsrət qalıb. Sonuncu dəfə 2001-ci ilin sentyabrında evdə Makedoniya yığmasını yenmişik və həmin oyunda (1:0) qələbə topunun müəllifi məhz Ramal olub. Hüseynov uzun illər şərəfini qoruduğu U-21-də problemlərdən danışıb: “Mənə yaxşı tanış olan bu yığmanın uğursuz çıxışını görə üzülürəm. Hər halda, 9 ildir qalib gələ bilmiriksə, bu, təsadüfi ola bilməz. Bilirsiniz, yığmada oynayan futbolçu meydana çıxanda ürəklə oynamalıdır”.

Ramal gənc həmkarlarını üzləşdikləri çətinlikləri, reallıqları nəzərə aldığından çox qınamır. Sumqayıtın “Standard” klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi legioner limitinin götürülməsini yığmaya zərbə sayır: “Bizim vaxtda U-21-ə gələn futbolçuların hamısı güclülər dəstəsində oynayırdı. Ancaq indi bu baxımdan vəziyyət necədir? Güclülər dəstəsində öz klublarında oynayan futbolçular tək-tükdür, barmaqla sayılası qədərdir. Legioner limit olmadığı üçün klublar daha çox əcnəbi futbolçulara üstünlük verir. Bunun da nəticəsində öz futbolçularımız kənarda qalır. Əgər onlar oynamırlarsa, necə artırsınlar? Onlar harada oynamalıdırlar? Oyun praktikası sarıdan korluq çəkdikləri halda, yığmanın oyununa necə hazır çıxa bilərlər? Hər halda, ümidlə yaşamaq lazımdır. İnanıram ki, yaxın gələcəkdə U-21-nin çıxışı yaxşı olacaq, nəhayət, qələbə qazanacağıq”.
0