AFFA yığmadan yarım milyon manat gəlir götürüb - YENİLƏNİB
05.03.2010 - 12:01
AFFA yığmadan yarım milyon manat gəlir götürüb - YENİLƏNİB
Bu gün AFFA-nın növbəti Konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, saat 11:00-da qurumun inzibati binasında başlanmış yığıncağın gündəliyində 9 məsələ durub.

AFFA-nın Konfransının gündəliyi:
1. Prezident tərəfindən salamlama
2. Yığıncağın tərkibinin yoxlanılması
3. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
4. Maliyyə hesabatının təsdiq olunması
5. Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
6. Növbəti ilin büdcəsinin təsdiq olunması
7. Hər hansı vakant vəzifəyə seçkilər
8. AFFA üzvlərinin təkliflərinin qəbul olunması
9. Digər məsələlər

-----------

Artıq Konfrans öz işinə başlayıb. Öncə assosiasiya prezidenti Rövnəq Abdullayev son vaxtlar ölkə futbolundakı inkişafdan danışıb. O, əsas milli komandamızın rəsmi və yoldaşlıq görüşlərində uğurlu çıxışından, futzal yığmamızın Avropa çempionatının yarımfinala yüksəlməsini, U-21-in Şotlandiya ilə səfərdə heç-heçəsindən danışıb: “Əvvəllər adətən kədərlənirdik. Artıq sevinməyə başlamışıq”.

Daha sonra Mandat Komissiyasının sədri Gülağa Cabbarov bildirib ki, Konfransda AFFA-nın 35 üzvündən 30-u iştirak edir. Buna görə də Konfransda yetərsay qeydə alınıb. Ardından Say Komissiyasının üzvlüyünə Yaşar Şamilov, Mahmud Sadıqov və Mahir Məmmədov seçilib.

Konfrans iştirakçıları UEFA-nın baş katibi Cianni İnfantinonun video müraciətini izləyiblər. Bundan başqa, 2009-cu ilə dair videoçarx nümayiş etdirilib.

AFFA-nın baş mühasibi Yusif Həmidov hesabat verib. O vurğulayıb ki, ötən il milli komandanın oyunlarında rekord sayda azarkeş olub. Bunun nəticəsində assosiasiyanın büdcəsinə yarım milyon manat daxil olub.

Ardından söz müstəqil auditor təşkilatının nümayəndəsi Xanbaba Quliyevə verilib. AFFA-da 118 nəfər çalışdığını deyən Quliyev maliyyə hesabatını qənaətbəxş sayıb.

AFFA İcraiyyə Komitəsinin üzvü, təhsil nazirinin müavini Elmar Qasımov nitq söyləyib. O, nazirlik və assosiasiya arasında əlaqələrdən danışıb. Bildirilib ki, ən vacib yenilik orta məktəblərdə bədən tərbiyəsi fənni əvəzinə futbol dərslərinin keçirilməsidir: “Bu məqsədlə pilot olaraq, 3 məktəbdə - 239, 240 və 201 saylı məktəblərdə ümumilikdə 47 sinifdə 1065 şagird arasında bədən tərbiyəsi dərsləri keçirilir və nəticələr uğurludur”.

Ardından Konfrans iştirakçıları 2009-cu ildə AFFA-nın fəaliyyətini qiymətləndiriblər və fəaliyyət qənaətbəxş sayılıb. Sonra yeni loqotip təqdim olunub. Lootip Azərbaycan bayrağının rəngləri, alov və top simvollarını özündə birləşdirib. AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, yeni loqotiplə bağlı müzakirələr başlayandan bəri yığmamız qələbələri sıralayır. Bununla da, Konfrans başa çatıb.
0