Milli komandamızın Hondurasla keçirəcəyi matçın yeri açıqlandı
05.03.2010 - 11:14
Milli komandamızın Hondurasla keçirəcəyi matçın yeri açıqlandı
Azərbaycan yığmasının Hondurasla keçirəcəyi yoxlama oyununun yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə millimizlə görüşəcək şimali amerikalılar həmin dövrdə Mərkəzi Avropada məskunlaşacaq. Artıq hazırlıq planına böyük ölçüdə aydınlıq gətirən honduraslılar yoldaşlıq oyunlarını da Almaniya və Avstriyada keçirmək fikrindədir.

Yığmanın baş məşqçisi Reynaldo Rueda məsələyə belə aydınlıq gətirib: “CAR-da keçirilən turnirin hazırlıqlarına mayın 9-da start verəcəyik. Xarici çempionatlarda çıxış edən futbolçularımız Almaniyada keçirəcəyimiz toplanış zamanı bizə qoşulacaq. Avropa ölkələrində turnirlər mayın ortalarında bitdiyindən, onlar təxminən ayın 15-də sərəncamımda olacaq. Oyunçuların hazırlıqlara qoşulma prosesi müəyyən zaman tutacaq. Düşünürəm ki, ayın 20-dən tam heyətlə məşq keçəcəyik. Bu toplanış 15 gün davam edəcək. CAR-ın əksər stadionları dağlıq ərazidə yerləşdiyindən, iqlimə uyğunlaşmaq da lazımdır. Bu məqsədlə Almaniyadan sonra Avstriyaya yollanacağıq. Dəniz səviyyəsindən təxminən 1000 metr yüksəklikdə olan Karsten ərazisində hazırlaşacağıq. Bu yer Sloveniya ilə sərhədə yaxındır. Elə yoldaşlıq görüşlərini də orada oynayacağıq”.

Qeyd edək ki, Azərbaycan - Honduras matçının mayın sonları, iyunun əvvəlində Avropa ölkələrinin birində keçiriləcəyi elan olunub. Mayın 20-dən iyunun 4-dək Almaniya və Avstriyada məskunlaşacaq şimali amerikalılarla matçın baş tuta biləcəyi bu iki ölkə Avro-2012-nin seçmə mərhələsində də yığmamızın rəqibləridir.
0