“Valerenqa” rəhbərliyi Ruslan Abışovu aparmağa gəldi
05.03.2010 - 12:22
“Valerenqa” rəhbərliyi Ruslan Abışovu aparmağa gəldi
Norveçin 5 qat çempionu “Valerenqa” klubunun Azərbaycan yığmasının futbolçusu Ruslan Abışovla bağlı fikri ciddidir. Apasport.az saytının məlumatına görə, skandinaviyalılar “Neftçi”yə rəsmi təklif göndərdikdən sonra Ruslanın milli komandanın heyətində Lüksemburqa qarşı oyununu canlı izləyiblər.

Elə rəsmilər Lüksemburqda Ruslana yaxınlaşaraq, fikirlərini çatdırıblar. Məsələnin son bəndini müzakirə etmək üçün “Valerenqa”nın bir neçə rəhbər şəxsi artıq Bakıya gəlib. Onlar bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerə eniblər. Qonaqların bu gün “Neftçi”nin prezidenti Sadıq Sadıqovla görüşü nəzərdə tutulub.

Az öncə “Valerenqa” klubunun meneceri Qlen Şiller “Neftçi” rəhbərliyi ilə görüşüb. Komandanın mətbuat xidmətinin yaydığı xəbərə görə, əsasən tanışlıq xarakteri daşıyan və klubun bazasında baş tutan görüşdə Abışovun keçidi haqqında danışıqlar aparılıb.

Xatırladaq ki, “Valerenqa” 2 həftə öncə “Neftçi”yə rəsmi müraciət ünvanlayıb. Bu klub üç illik müqavilə təklif etdiyi Ruslanı baxışa deyil, birbaşa sözləşməyə dəvət edir. Hazırda Norveç çempionatında “transfer pəncərəsi” açıq olduğundan həmyerlimizin keçidində bu baxımdan problem yoxdur.

0